CƏMİYYƏT
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
Salyanda narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Kürqaraqaşlı kəndi sakini Bünyad Zayıdovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdiyi məlum olub. Polis əməkdaşları tərəfindən ekspertlərin iştirakı ilə həmin evin həyətinə baxış zamanı Bünyad Zayıdov tərəfindən əkilən 46 çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini bildirib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.