REGİONLAR
Salyanda pambıq sahələrində zərərverici həşəratlar yayılıb VİDEO
Salyan, 30 may, İsmayıl Cəfərli, AZƏRTAC
Salyanda pambıq sahələrində zərərverici həşəratlar yayılıb. Zərərvericilərə qarşı vaxtında tədbir görülməsə, bu il məhsuldarlıq aşağı olacaq.
AZƏRTAC xəbər verir ki, Salyanda bir müddətdir pambıq sahələrində kultivasiya işlərinə başlanılıb. Bu proses yeni boy atan pambıq kollarının alaqdan təmizlənməsi üçün əsas amillərdən biridir. Lakin fermerlər başqa bir problemlə üzləşiblər. Salyanın Qızılağac kənd sakini, pambıqçı Elgün Məmmədov deyir ki, hazırda sahələrdə zərərverici həşəratların artımı müşahidə olunur. Proses belə davam edərsə, pambıq sahələrinə ciddi ziyan dəyə bilər: “Bizi narahat edən əsas məsələ payız sovkasının yenidən müşahidə olunmasıdır. Payız sovkasının geniş yayılması pambığın məhv olması deməkdir. Ona görə zərərvericilərə qarşı vaxtında tədbir görülməsə, pambıq tarlaları məhv olub gedə bilər. Bu isə fermerin maddi cəhətdən ziyan etməsi, məhsuldarlığın aşağı düşməsi deməkdir”.
Müxbirimiz məsələ ilə bağlı Bitki mühafizəsi və Fumiqasiya mərkəzinin Salyan rayon mərkəzinin rəisi Vidadi Cəfərovla görüşüb. Qurum rəsmisi bildirib ki, payız sovkası adlanan zərərverici bu il havaların qeyri-sabit keçməsi nəticəsində sahələrə daha erkən ziyan vurmağa başlayıb: “Payızlıq əkin sovkası deyilən bu zərərverici adətən bitkinin kök boğazını zədələyir. Bu barədə fermerlərə istər biz tərəfdən, istərsə də pambıq müqaviləsi bağlamış şirkətlər tərəfindən daimi məsləhətlər verilir, həmin zərərvericilərə qarşı aqrotexniki və kimyəvi mübarizə aparılır. Fermerlər onlara verilən tövsiyələrə əməl etməlidirlər. Aqrotexniki tədbirlər, becərmə işləri davam etdirilməlidir. Bu zərərvericiyə qarşı mübarizə tədbirləri axşam saatlarında aparılmalıdır. Çünki payızlıq əkin sovkası adətən gecə saatlarında fəallaşır”.
Salyanlı pambıqçılar ötən il su sarıdan çətinlik çəksələr də, bu il su problemi yoxdur. Qalır, təkcə payızlıq əkin sovkası ilə mübarizə aparmaq. Bu mübarizə tədbirləri vaxtında aparılsa, rayonda bu il pambıqçılıqda bol məhsul əldə oluna bilər.
Qeyd edək ki, bu il Salyanda, ümumilikdə 8789 hektar sahədə pambıq əkilib.