REGİONLAR
Salyanda şəhid zabitimiz Elsevər Hüseynovun xatirəsi anılıb
Salyan, 25 aprel, Mahir Babayev, AZƏRTAC
Torpaqlarımızın müdafiəsi uğrunda Qarabağ döyüşlərində canından keçən şəhid zabitimiz Elsevər Hüseynovun xatirəsi Salyan Tarix-Diyarşünaslıq Muzeyində anılıb.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, şəhidin ailə üzvləri, döyüşçü yoldaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Elsevər Hüseynovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Elsevər Hüseynovun qısa, lakin şərəfli döyüş yolundan söhbət açıb. Qeyd edilib ki, Bakı Ümumqoşun komandirlər məktəbinin məzunu olan E.Hüseynov Salyanın Babazənan yaşayış məntəqəsində doğulub, 1986-cı ildə zabit kimi Moskvaya hərbi xidmətə göndərilib. 1992-ci ildə, Dağlıq Qarabağ erməni işğalçılarının təcavüzünə məruz qalan vaxt Elsevər Hüseynov doğma Vətənə qayıdıb, bölmə komandiri kimi Ağdərənin, Füzulinin bir çox yaşayış məntəqələrində gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərib. Son döyüşü 1994-cü il aprelin 24-dən- 25-nə keçən gecə Ağdamın Şıxlar kəndində olub. Hərbçi yoldaşı ilə mühasirəyə düşən Elsevər düşmənlə son ana kimi döyüşüb, 60-dan çox silahdaşının həyatını xilas edərək 29 yaşında şəhidlik zirvəsinə ucalıb. İgidliyinə və şücaətlərinə görə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Elsevər Hüseynov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Mərasimdə çıxış edən Elsevərin döyüşçü yoldaşları, müəllimləri onunla bağlı xatirələrini bölüşüb, şəhidlik zirvəsinə ucalan Vətən övladının qəhrəmanlığının hər bir gənc üçün örnək olduğunu və xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.
Sonda məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda bədii kompozisiya nümayiş etdirilib.