REGİONLAR
Salyanda taxıl sahəsinin hər hektarından 29 sentnerdən çox məhsul götürülür
Salyan, 8 iyun, Mahir Babayev, AZƏRTAC
Salyanda fərdi fermer təsərrüfatlarında taxıl biçininə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən ilin payızında rayonda 13 min 832 hektar taxıl əkilib. Bunun 7 min hektarı arpa, 6 min 832 hektarı isə buğdadır.
Ötən il hər hektar taxıl sahəsindən 30,5 sentner məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Bunun nəticəsində sahələrdə bol məhsul yetişib.
Artıq bir neçə gündür ki, rayonda taxıl yığımına başlanılıb. İndi əsas diqqət biçin kampaniyasının vaxtında başa çatdırılmasına yönəldilib. Bu məqsədlə sahələrə 31 kombayn çıxarılıb, 52 presbağlayan, məhsulun daşınması üçün 150 maşın və mexanizm sahibkarların istifadəsinə verilib. İşin yaxşı təşkili nəticəsində gün ərzində 200-250 hektar sahədə biçin aparılır və hər hektardan təxminən 29,2 sentner məhsul yığılır. Bu günədək 1744 hektar sahədə biçin aparılıb və 5 min 232 ton taxıl əldə olunub. Mütəxəssislərin dediyinə görə, bu il rayonda 45 min tondan çox taxıl istehsalı gözlənilir.
Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi rayonda bu sahənin inkişafına təkan verib. İndi yüzlərlə fermer taxıl əkini ilə məşğul olur və yaxşı qazanc əldə etdiyindən əkin sahələrini hər il genişləndirirlər. Rayonun Varlı kənd sakini Azər Ağayev 20 ilə yaxıdır ki, taxılçılıqla məşğuldur. Torpaq mülkiyyətçisi bildirib ki, ötən il 3 hektar sahədə taxıl əkib və hər hektardan 30 sentner məhsul götürüb. O, əkin sahəsini bu il 7 hektara çatdırıb. Sahəyə yaxşı qulluq etdiyindən bu il də məhsulu boldur. Bu günə kimi biçin keçirdiyi 3 hektar sahənin hər hektarından 30 sentner məhsul əldə edib. Əkinçinin dediyinə görə, bu mövsüm sahədən 21 tona yaxın məhsul götürəcək.
Rayonda məhsulun optimal müddətdə və itkisiz yığılması üçün operativ qərargah yaradılıb. Mütəxəssislərin də cəlb olunduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər yerindəcə həll olunur. Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda təhlükəsizlik tədbirləri də görülüb.