REGİONLAR


Salyanda ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib

Salyan, 13 mart, AZƏRTAC

Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayonu Çuxanlı kəndində yerləşən N saylı hərbi hissəsində ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinin, vətənpərvərlik tərbiyəsi işində olduqca böyük rola malik olduğunu bildirib. “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqətini daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etmək, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir”, - deyə o qeyd edib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissənin şəxsi heyət üzrə komandiri mayor Xeyrulla Hüseynov çıxış edərək bildirib ki, hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilib.

Qarabağ qazisi, şəhər 8 saylı tam orta məktəbin hərbi rəhbəri Zamiq Əsgərov diqqətə çatdırıb ki, bu gün ölkəmizdə ordu quruculuğu yeni mərhələyə qədəm qoyub. Azərbaycan Ordusunun son uğurlu əməliyyatları, Aprel döyüşləri bir daha ölkəmizin hərbi qüdrətini sübuta yetirmiş oldu. Bu gün Azərbaycan Ordusu istənilən an Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı düşmən işğalından azad etmək gücünə malikdir.

Salyan rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Vilayət Əsgərov qeyd edib ki, hərbi idman oyunlarının keçirilməsi yeniyetmə məktəblilərin gələcək həyatlarında olduqca əhəmiyyətlidir. Hərbi idman oyunları bir növ məktəblilərin hərbi vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.

Rayon Təhsil Şöbəsinin metodisti Emin Məlikov çıxışında ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə görülən işlərdən danışıb. Sonra “Şahin” hərbi idman oyununun qaydaları haqqında yarış iştirakçılarını məlumatlandırıb.

Dövlət himni səsləndikdən sonra yarışlara start verilib.

Yarışda rayonun 19 məktəb komandasının tərkibində 266 nəfər iştirak edib. Yarışın nəticəsinə görə III yeri şəhər 2 saylı tam orta məktəbin komandası, II yeri Aşağı Noxudlu kənd tam orta məktəbin komandası, I yeri isə şəhər 8 saylı tam orta məktəbin komandası qazanıb. Şəhər 6 saylı tam orta məktəbin komandası, Kərimbəyli kənd tam orta məktəbin komandası və Yuxarı Xalac 2 kənd tam orta məktəbin komandası yarışın fərqlənmə diplomları ilə təltif olunublar.

“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri və fərqlənmiş komandaları Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif ediliblər.

Şəhər 8 saylı tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun zona birinciliyində Salyan rayonunu təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.