REGİONLAR
Salyanda yeni yonca sahələri salınıb VİDEO
Salyan, 19 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Salyan rayonunda texniki bitkilərlə yanaşı, yemçiliyin inkişafına da böyük diqqət göstərilir. Rayon ərazisində bu məqsədlə yeni yonca sahələri salınıb.
AZƏRTAC xəbər verir ki, yem bazasının gücləndirilməsi məqsədilə əkilən yonca bitkisi rayonun əsasən Ərəbqardaşbəyli, Kürqaraqaşlı, Şorsulu, Dayıkənd, Qızılağac kəndlərində becərilir.
Fermer Mirsabir Pənahov bu il 2 hektar sahədə yonca əkib. Hər hektara 25 kiloqram yonca toxumu səpib. “Ötənilki yoncadan 400 ədəd bağlama götürmüşdük. Yeni əkilən sahəni artıq suvarmışıq, şükür Allaha çıxış da var. Suvarmada problemimiz yoxdur, məhsuldarlıq da yaxşıdır”, - deyə o bildirib.
Fermerlər onlara göstərilən dövlət dəstəyindən də razıdırlar. Subsidiya, gübrə və lazım olan toxum və avadanlıqları vaxtında alan torpaq sahibləri bütün bunların ölkə ərazisində yemçiyiliyin inkişafına müsbət təsir etdiyini söyləyirlər.
Ərzuman Əsgərov da bu il 2 hektar sahədə yonca əkib: “Əkdiyim yonca artıq 4-cü ildir, 5-ci ilə keçir. Ümumi 1000 ədəd bağlama götürürük. Satışında problem yaşamırıq. Bu il qiymət 3 manat – 3 manat 70 qəpik arasındadır. Məhsuldarlıq da bizi qane edir”.
Qeyd edək ki, Salyanda 21000 hektar yonca sahəsi mövcuddur. Bunun 2245 hektarı təzə yoncadır.