REGİONLAR
Salyandakı Tarix-Diyarşünaslıq Muzeyində 900 il yaşı olan tütək saxlanılır
Salyan, 11 fevral, Mahir Babayev, AZƏRTAC
Salyandakı Tarix-Diyarşünaslıq Muzeyində gildən hazırlanan qədim tütək saxlanılır. Tədqiqatçıların fikrincə, həmin tütək ən azı 900 il bundan əvvəl hazırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu maddi-mədəniyyət nümunəsi ötən əsrin 80-ci illərində rayon ərazisindəki Marışlı, Noxudlu və Qırxçıraq qədim yaşayış məskənlərində arxeoloji qazıntılar aparılarkən tapılıb.
Qədim musiqi aləti muzeydə toplanan 10 mindən çox eksponatın demək olar ki, ən kiçiyidir. Onun uzunluğu 6 santimetrə yaxındır.
İlk baxışdan müasir tütəklərdən fərqlənsə də, ifa zamanı bu alət yenilərindən heç də geri qalmır. Nəfəsli alətlərin ifaçısı Mirağa Abdullayev bildirib ki, qədim gil-tütəyin müasir zurna, balaban və tütəkdən fərqi onun ikinci notunun olmasıdır. Bu da ifa zamanı bəzi çətinliklər yaradır. Bu aləti səsləndirmək üçün bacarıqla yanaşı, gərək musiqi duyumun da ola.