REGİONLAR


Salyandan nar bağlarından bol məhsul götürülüb VİDEO

Salyan, 27 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC

Nar deyəndə ilk yada düşən Göyçay rayonu olur. Amma illərdir ölkəmizin Muğan zonasında, xüsusilə Salyanda da nar bitkisinin əkininə maraq çoxalıb.

AZƏRTAC xəbər verir ki, Salyanda bağlarda son illər daha çox əkilən “Ağ nar” sortudur. El arasında bu narlara “Ağqabıq şirin nar” da deyirlər. Bu narları mart ayına qədər saxlamaq mümkündür. Salyanda nar təsərrüfatına daha çox fərdi həyətlərdə rast gəlinir. Bu bağlar rayonun əsasən Kürsəngi, Kürqaraqaşlı və Ərəbqardaşbəyli kəndlərində salınıb.

Bu il salyanlı bağbanlar nar bağlarından bol məhsul götürüblər. Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin böyük məsləhətçisi Şəhriyar İsgəndərov bildirib ki, ümumiyyətlə son illər rayonda nar bağlarının salınmasına böyük maraq var. Ümumilikdə 455 hektar əkin sahəsindən 401 hektarında nar bağları salınıb. Ötən il bu bağlarda 3290 ton məhsul əldə olunub və bu da hektara 82 sentner məhsul əldə olunması deməkdir.

Rayonun Ərəbqardaşbəyli kənd sakinləri illərdir öz həyətlərində nar yetişdirməklə məşğuldurlar. Bağbanlar deyirlər ki, bazarlarda nar satışında problem olmur. Bu amil sakinlərin sosial rifahını daha da yüksəldir.

Bağ sahibi Həbib Seyidov deyib: “Bağlarda rayonun iqliminə uyğun nar sortları yetişdirilir. Bizim həyətdə əsasən ağ qabıq və qırmızı qabıq nar əkilib. Onlar da dadına görə turş və şirin olur. Nar ağacına yaxşı qulluq olunarsa, məhsuldarlığı da yaxşı olar. Bu il mən şirə zavodlarına 300 kiloqram nar vermişəm. Bir də ki, yerli bazarda satmışam. Həmçinin alıcılar gəlib 400 kiloqramadək məhsulu həyətimdə alıblar. Bu il demək olar ki, bağlarımızda məhsul bol olub”.

Hazırda bazarlarda narın 1 kiloqramının qiyməti 2-2,5 manat arasında dəyişir. Salyanın “Ağ nar” sortuna gəlincə isə sakinlər deyirlər ki, bu sort son zamanlar demək olar itmək üzrədir. Rayonun xüsusilə Ərəbqardaşbəyli kəndinin sakinləri “Ağ nar” sortunun artırılması üçün hər il yeni bağlar salmağı planlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.