REGİONLAR


Salyanın üzüm bağlarından 9 min ton çox üzüm yığılıb

Salyan,14 noyabr, Mahir Babayev, AZƏRTAC

Salyanda üzümçülük əsas təsərrüfat sahələrindəndir. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1122.5 hektar üzüm bağı mövcuddur ki, bunun da 932.9 hektarı bar verəndir.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xeyli vaxtdır üzüm plantasiyalarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 9 min 261.2 ton üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 321.2 ton çoxdur. Hər hektarın məhsuldarlığı 99.3 sentner olur.

Üzüm bağlarının 500 hektardan çoxu rayonun Xələc kəndi ərazisindədir. Burada şəkərliyi yüksək olan “Ağadayı”, “Mahmudu”, “Əlişan”, “Ağ şanı”, “Qara şanı”, “Dərbəndi” və yerli qara üzüm sortları yetişdirilir. Üzümçü Daşqın Heydərov uzun illərdir bu sahə ilə məşğul olur və hər ildə yaxşı mənfəət götürür. “Xeyli vaxtdır ki, yetişdirdiyimiz məhsulun yığımını aparırıq. Ötən ilə nisbətən bu il bağlarda üzüm boldur. Məhsul çox olduğu üçün qiymət də xeyli ucuzdur. Bağbanlar yerində üzümün 1 kiloqramının qiymətini 80-85 qəpiyə təklif edirlər ki, bu da ötən ildəkindən xeyli ucuzdur”, - deyə üzümçü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.