ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanası: Leonard kometası getdikcə Yerə yaxınlaşır
Bakı, 30 noyabr, AZƏRTAC
2021-ci il yanvarın 3-də Arizonada Maunt Lemmon Rəsədxanasında Qreqori Leonard tərəfindən kəşf olunan C/2021 A1 (Leonard) kometası sürətlə Yerə yaxınlaşmağa davam edir.
Bu barədə AZƏRTAC-a AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, kometa saatda 70 kilometr sürətlə hərəkət edir. Bu səbəbdən onun fəzadakı vəziyyəti Yerdəki müşahidəçi üçün hər həftə dəyişir. Hazırda Şimal yarımkürəsində orta enliklərdə kiçik teleskoplarla Leonard kometasını müşahidə etmək mümkündür. Dekabrın əvvəllərindən başlayaraq kometa Naxırçı, İlan, Herkules və İlandaşıyan bürclərindən keçəcək. Həmin müddətdə onun parlaqlığı 4 m ulduz ölçüsünə çatacaq və adi gözlə müşahidəsi mümkün olacaq. Dekabrın ikinci yarısında isə kometa artıq Cənub yarımkürəsinə keçəcək və dekabrın 25-də Mikroskop bürcündə müşahidə ediləcək.
Leonard kometası dekabrın 12-də Yerə ən yaxın nöqtədən (34 milyon kilometr) keçəcək və maksimum parlaqlıqda görünəcək. Komet Günəşlə Yer arasında yerləşəcəyi üçün onun parlaqlığı 1 m-ə kimi arta bilər. Bu isə o deməkdir ki, onu hətta adi gözlə belə aydın müşahidə etmək mümkün olacaq.
Kometa parlaqlığının maksimumuna çatanda onun biri qaz, digəri isə tozdan ibarət iki quyruğu olacaq. Onun indi də artıq kifayət qədər uzun, ionlaşmış qazdan ibarət quyruğu var. Göründüyü periodun əksər hissəsində qaz və toz quyruqları eyni bucaq altında olduğundan Yerdən bir quyruq kimi görünəcəklər. Ancaq dekabrın 10-13-də quyruqların arasındakı görünən bucaq məsafəsi təxminən 300-dək artacaq.
Kometa hiperbolik trayektoriya üzrə hərəkət edir. Bu isə o deməkdir ki, kometa Günəş sistemini tərk edəcək və bir daha geri qayıtmayacaq.