ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanası: Massiv 2014 UN271 kometi 2031-ci ildə Saturn ətrafında perihelidən keçəcək
Bakı, 16 avqust, AZƏRTAC
2014 UN271 kometi 2031-ci ildə Saturnun yaxınlığından keçəcək. Həmin obyekt Pedro Bernardinelli və Qari Bernşteyn tərəfindən 2014-2018-ci illərdə DES (Dark Energy Survey) müşahidə materiallarının təkrar təhlili nəticəsində kəşf olunub.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, qeyd edilən obyekt Oort buludunun bu günə məlum olan ən böyük kütləli (massiv) üzvü kimi səciyyələndirilir. Onun diametrinin ölçüsü təqribən 130-370 kilometrə çata bilər.
Astronomlar obyektin Günəşə yaxınlaşmasından sonra kometəbənzər aktivliyin aşkar edilməsini gözləyirlər. Perihelium nöqtəsi 10.5 a.v. Günəşdən aralı keçəcək. Bu hadisə 2031-ci ilin əvvəlində baş verəcək.
Hazırda 2014 UN271 kometi 20.2 a.v. məsafəsindədir. Onun orbitinin meyli ekliptikaya qarşı 95.4 dərəcədir, ekssentriseti 0.99-dur. Orbital periodu 603953 ildir. Obyektin bundan əvvəlki barisentrik afelisi hesablamalara görə 39400 a.v.-dir, növbəti isə periheli nöqtəsini keçəndən sonra 54600 a.v.-yə çatacaq və bu da o deməkdir ki, 2014 UN271 Oort buluduna daxil olacaq.