Şamaxı Astrofizika Rəsədxanası beynəlxalq teleskoplar şəbəkəsinə qoşulub


Bakı, 30 iyun, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) gənc tədqiqatçıların elmin aktual problemləri ilə məşğul olması, habelə rəsədxananın beynəlxalq əməkdaşlıq əlaqələrinin artırılması və dünya elminə inteqrasiyası istiqamətində ciddi işlər görülməkdədir. Belə ki, müəssisənin Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılovun rəhbərliyi altında 4 doktorant və magistrantdan təşkil olunmuş qrupun iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanası “Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts” (GRANDMA) adlı beynəlxalq teleskoplar şəbəkəsinə qoşulub.
Bu barədə AZƏRTAC-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, beynəlxalq konsorsium olan GRANDMA bir ildir fəaliyyət göstərməsinə baxmayaraq layihədə 16 ölkəni birləşdirən 25 teleskop spektral və fotometrik müşahidələrlə məşğuldur (https://grandma.lal.in2p3.fr/research/grandma-project/). Müşahidələrin məqsədi səmanın geniş hissəsində kainatda qravitasiya dalğaları ilə bağlı baş verən tranzient hadisələri qeyd etmək, onların ilkin baş verdiyi qalıq hadisələri optik diapazonda izləməkdir. Belə unikal fiziki hadisələrin müşahidə edilməsi və izlənməsi müasir fizika və astrofizika elmində qravitasiya dalğalarının fizikasını başa düşmək üçün böyük önəm daşıyır. Məsələn, iki neytron ulduzun və ya neytron ulduz-qara dəlik cütlüyünün qovuşması nəticəsində güclü qravitasiya dalğaları yaranır. Bu hadisə ABŞ və Fransa-İtaliya LIGO və Virgo xüsusi qurğusunda qeyd olunur, GRANDMA teleskoplar şəbəkəsinə hadisənin baş verdiyi yer və dəqiq koordinatlar ötürülür. Bu məlumatı alan kimi teleskoplar işə düşür və optik diapazonda həmin mənbənin verə biləcəyi qalıq hadisələr izlənilir. Şəbəkədə bunun üçün geniş infrastruktur və proqram kompleksi yaradılıb.
Hazırda GRANDMA şəbəkəsi çərçivəsində rəsədxananın əməkdaşları İngiltərə Kral Astronomiya Cəmiyyətinin çox nüfuzlu aylıq elmi jurnalında dərc olunmuş iki kollektiv məqalənin həmmüəllifidirlər. Bu nəşrlərdə ŞAR-ın GRANDMA şəbəkəsinə qoşulmuş 2 metr və 60 santimetrlik teleskopları, işıq qəbulediciləri və müşahidə imkanları haqqında məlumatlar verilib. Həmin məqalələrdə rəsədxanada T60 teleskopundan alınan çox unikal təsvirlərdən də istifadə olunub.
Bundan əlavə, rəsədxananın gənc alimləri konsorsiumun İspaniya və Gürcüstanda keçirilən iclaslarında məruzələrlə çıxış ediblər. Layihədə əməkdaşların həmmüəllifliyi ilə artıq 6-7 məlumat tipli xəbərlər də çap olunub.