ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanası əməkdaşının layihəsi “Horizon-2020”nin qalibi olub
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri, dosent Canməmməd Rüstəmovun təqdim etdiyi layihə Avropa İttifaqının ən böyük qrant layihəsi “Horizon-2020”nin qalibi olub.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, “Horizon-2020” çərçivəsində elmi, elmi-texniki, tibb, ərzaq təhlükəsizliyi və digər sahələrdə olan layihələr Avropanın nüfuzlu mütəxəssisləri tərəfindən qiymətləndirilir.
C.Rüstəmovun təqdim etdiyi layihəyə ayrılan pulun miqdarı 10 ölkədən olan layihələrə ayrılan pulun miqdarına görə dördüncü yerdədir. Alimin təqdim etdiyi layihədə O spectral sinfinə mənsub olan massiv ulduzların və Volf-Raye tipli ulduzların dörd il müddətində on ölkədən olan astronomlarla birgə tədqiqi nəzərdə tutulur. Bu tədqiqatlar zamanı müxtəlif ölkə astronomlarının hazırda istifadə etdiyi, uzun illər sınanılmış üsullardan istifadə olunacaq. Elmi tədqiqatlar zamanı bütün ölkələrdən olan astronomların sınaqdan keçmiş eyni üsulu tətbiq etməsi alınmış nəticələrin etibarlılığını artıracaq və bu nəticələr dünya astronomları tərəfindən etibarlı nəticələr kimi qəbul olunacaq. Bu, elmi tədqiqatlarda mühüm əhəmiyyət kəsb edən amildir.
Layihənin icrasına 2019-cu ilin yanvarında başlanacaq. Bu tarixdən başlayaraq ŞAR-ın əməkdaşları layihədə göstərilən ölkələrə ezam olunacaq. Həmçinin həmin ölkələrin alimlərinin ŞAR-a gəlişi gözlənilir.
Qeyd edək ki, “Horizon-2020” layihəsinin 80 milyard avro fondu var və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.