REGİONLAR
Şamaxı Astrofizika Rəsədxanası ilə NDU arasında vebinar təşkil olunub
Naxçıvan, 17 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bayram Rüstəmovun vebinarı təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, NDU-nun Ümumi və nəzəri fizika kafedrasının müdiri Fərman Qocayev müəllim və tələbələr üçün faydalı ola biləcək vebinarın əhəmiyyətini qeyd edib və iştirakçılara uğurlar arzulayıb. Bildirilib ki, Batabat Astrofizika Rəsədxanasının Fizika ixtisası üzrə tələbələri hamiliyə götürməsi onların keçdikləri dərslərin təcrübi cəhətdən mənimsəməsi üçün əlverişli mühit formalaşdırır.
Bayram Rüstəmov qeyd edib ki, dünyanın ən böyük rəsədxanalarından biri olan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb. Rəsədxananın nəzdində 1973-cü ildə Şamaxı Astrofizika Rəsədxanasının Batabat Bölməsi və 1997-ci ildə Ağdərə Astronomiya Stansiyası formalaşıb. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə yaradılan Batabat Astrofizika Rəsədxanası AMEA Naxçıvan Bölməsinin tərkibinə keçirilib və hazırda sərbəst rəsədxana kimi fəaliyyət göstərir.
Astronomiya istiqaməti üzrə aparılan elmi tədqiqat istiqamətlərindən danışan Bayram Rüstəmov vurğulayıb ki, astronomiya elminə verilən yüksək qiymətin nəticəsində hazırda kiçik göy cisimlərinə, eləcə də planetlərin kraterlərinə verilmiş adların 13-ü Azərbaycanla bağlıdır. Batabat Rəsədxanası və Ağdərə Stansiyası ilə işləri daha yaxşı qurmaq üçün gələcəkdə AMEA-nın nəzdində Azərbaycan Astronomiya İnstitutunun yaradılması astronomik tədqiqatların inkişafına güclü təkan verəcək və birgə layihələrin tədqiqi baxımından mühüm əhəmiyyət daşıyacaq.
Ulduzların harada və necə yaranması haqda məruzə ilə çıxış edən Bayram Rüstəmov bildirib ki, ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kütlə, radius və parlaqlıqlarına görə bir-birlərindən ciddi fərqlənən ulduzların radiusları Günəşdən yüz, hətta min dəfə böyükdür. Ulduzun təkamülü onun ulduz beşiyi adlanan nəhəng molekulyar buludlarda yaranması ilə başlayır. Ulduzlar hazırda Qalaktikada müşahidə edilən diffuz qaz maddəsindən əmələ gəlir.
Sonda alim XX əsrdə astrofizikanın ən mühüm nailiyyətlərindən birini – ulduzların da insanlar kimi “doğulub, yaşayıb və ölməsi” barədə gəldiyi nəticəni vebinar iştirakçılarının diqqətinə çatdırıb.
Vebinar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.