ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq layihə üzrə işlər davam etdirilir
Bakı, 12 sentyabr, AZƏRTAC
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 2 metrlik teleskopunda “Gaia Science Alerts” proqramı çərçivəsində aşkar edilmiş tranziyent obyektlərin (Gaia20blb, Gaia20cxk, Gaia20cek, Gaia20bpl, Gaia20bor) spektral müşahidələri aparılıb (Nəriman İsmayılov, Xıdır Mikayılov, Orxan Xəlilov, İlqar Ələkbərov, Səbahəddin Alışov, Sərxan Bağırlı).
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, müşahidələrdə 2020-ci ildə zəif səma cisimlərinin spektral müşahidəsinin aparılması üçün teleskopun Kasseqren fokusunda yeni quraşdırılmış işıq qəbuledicisindən istifadə edilib.
Müşahidə materialından alınan ilkin nəticələr Polşa və Litvadan olan həmkarlarla birgə Beynəlxalq Astronomiya İttifaqının (IAU) "The Astronomers Telegram" onlayn məlumat sistemində dərc olunub.
Qeyd edək ki, bu layihə çərçivəsində son dövrlərdə ŞAR tərəfindən alınan yeni məlumatlar həmin dövri nəşrin bir neçə nömrəsində işıq üzü görüb.