Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün hazırlıq düşərgəsi keçirilib
AzerTAg.az
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün hazırlıq düşərgəsi keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, təşəbbüsün məqsədi Gürcüstanda keçiriləcək XV Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak edəcək Azərbaycan komandasının olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, sürətli düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsidir.
Düşərgədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov tərəfindən olimpiadaya hazırlıq dərsləri keçilib. İnteraktiv formada təşkil olunan dərslərdə şagirdlərə olimpiadalara effektiv hazırlaşma metodikası öyrədilib, fənn olimpiadalarının mövzularının asan qavranılması üçün sadə üsullarla izahlar və həll yolları göstərilib. Dərslərlə yanaşı düşərgə iştirakçıları rəsədxananın teleskopları ilə tanış olublar, onlara teleskopların iş prinsipi, teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib. Şagirdlər, həmçinin gecə müşahidələrində də iştirak ediblər.




Xəbərin mətnində orfoqrafik səhv var