ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq konfransda məruzə edib
Bakı, 2 mart, AZƏRTAC
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mirnamik Bəşirov Türkiyənin Kayseri Universitetinin təşkilatçılığı ilə onlayn keçirilən “USBIK 2021 Beynəlxalq Elm Konfransı”nda iştirak edib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfransda Mirnamik Bəşirov “Təkzərrəcikli toqquşmasız Günəş küləyi plazması üçün maqnithidrodinamik köçürmə tənliklərinin bəzi xüsusi həlləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.
Beynəlxalq konfransın yekununda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.
Konfransa təqdim edilmiş materiallar cari ilin ilk yarısında Kayseri Universiteti tərəfindən dərc olunacaq.