ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasının veb-saytının yeni versiyası təqdim olunub
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının veb-saytının yeni versiyası təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının inkişafına diqqət ayırmasını bu qurumun əməkdaşlarının daha səmərəli fəaliyyətinə geniş imkanlar açdığını diqqətə çatdırıb. Bildirilib ki, yeni veb-sayt dövlətin rəsmi informasiya siyasətinin tərkib hissəsi kimi rəsədxananın fəaliyyəti ilə yanaşı, ölkədə və dünyada astronomiya elmində baş verən hadisələrin işıqlandırılması işlərini həyata keçirməlidir.
Veb-sayt haqqında məlumat verən institutun proqramçısı Yusif Sadıyev qeyd edib ki, saytın ana səhifəsi “Rəsədxana haqqında”, “Rəsmi sənədlər”, “Elmi fəaliyyət”, “Elmi-təşkilati fəaliyyət”, “Dissertasiya şurası”, “Elmi nəşrlər”, “Xəbərlər”, “Media” və “Əlaqə” bölmələrindən ibarətdir.
Y.Sadıyev Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək saytın mobil versiyasının da hazırlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ən son texnologiyalar əsasında yaradılmış bu resursda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər də mövcuddur. Veb-saytda, həmçinin rəsədxananın əməkdaşlıq əlaqələri, burada keçirilən tədbirlərə, görüşlərə dair məlumatlar əldə etmək və videogörüntülərə baxmaq mümkündür.
Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov institut və təşkilatların fəaliyyətinin geniş təbliğində saytların böyük rola malik olduğunu vurğulayıb. N.Cəlilov bildirib ki, yüksək peşəkarlıqla hazırlanan və müasir tələblərə cavab verən yeni veb-sayt rəsədxananın dünya elminə açılmış bir pəncərəsi rolunu oynayır. Bununla yanaşı, veb-sayt qurumun astronomiya elmi sahəsində meqalayihələrdə iştirakına geniş imkanlar yaradacaq.
Rəsadxananın direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev ən son texnologiyaların tətbiq olunduğu veb-saytın ərsəyə gəlməsində göstərdiyi xidmətlərə görə institutun mütəxəssislərinə təşəkkürünü bildirib, iki qurum arasında əməkdaşlığın bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.