REGİONLAR
Şamaxı-Pirqulu avtomobil yolunu bəzəyən rəsmlər REPORTAJ VİDEO
Şamaxı, 21 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxı rayonunun Məlhəm kəndi ərazisində xalqımızın sevimli şairləri, ədibləri, mütəfəkkirləri olan İmadəddin Nəsimi, Əfzələddin Xaqani, Seyid Əzim Şirvani, Məhəmməd Hadi, eləcə də digərlərinin rəsmləri yol kənarındakı divarları bəzəyir.
AZƏRTAC xəbər verir ki, yerli və xarici turistlərin ən çox üz tutduqları Şamaxı-Pirqulu yolunun Məlhəm kəndindən keçən bu ərazisinin füsunkar təbiəti dahi şairlərimizin rəsmləri ilə vəhdət təşkil edir. Böyükdən-kiçiyə hər kəsin qəlbində iz buraxan Azərbaycan ədiblərinin, yazıçılarının, görkəmli mütəfəkkirlərin rəsmləri görənlərin marağına səbəb olur.
Şamaxı sakini Rasim Ələsgərov deyir ki, istər şamaxılılar, istərsə də rayona gələn qonaqlar buradan keçəndə bir anlıq keçmişi xatırlayırlar. Şamaxının dahiləri, ədibləri burada əks olunub. Bu işlərin görülməsi həm də dahi şəxsiyyətlərimizə olan ehtiramın bariz nümunəsidir.
Şamaxıda doğulub boya-başa çatan, yaşayıb-yaradan dahi şəxsiyyətlərinin rəsmlərinin Məlhəm kəndi ərazisində çəkilməsi təsadüfi deyil. Tarix müəllimi Fərəc Ağayevin sözlərinə görə, Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biri olmaqla yanaşı, həm də elm ocağı kimi tanınır. Burada yetişən alimlər, şairlər və elm adamları çoxdur. Məlhəm vaxtilə Azərbaycanın paytaxtı olan Şamaxının ən böyük elm ocaqlarından biri idi.
“Şamaxı qədim Şirvanşahlar dövlətinin paytaxtı olub. Şirvanşahlar dövləti bu şairlərin formalaşmasında xüsusi rol oynayıb. Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin adı XII əsrdə Məlhəmdə yaşamış Azərbaycanın böyük şairi Əfzələddin Xaqani ilə bağlıdır. Əfzələddin Xaqaninin əmisi Kafiyəddin Ömər Osmanoğlu Məlhəm kəndində böyük tibb akademiyası yaradıb. Bu tibb akademiyası Şərqin ən böyük elm ocaqlarından idi. Həmin elm ocağına görə bu kənd Məlhəm adını alıb. Təbii ki, dövlət səviyyəsində görülən bu işlər təqdirəlayiqdir. Bu dahi şəxsiyyətlərin Şamaxıdan olmasını bəlkə də kimsə bilməyə bilər, amma buradan keçərkən onların rəsmlərini görür və Şamaxının Xaqaninin, Sabirin, Seyid Əzim Şirvaninin, Məhəmməd Hadinin Vətəni olduğunu anlayırlar”, - deyə tarixçi bildirib.
Xatırladaq ki, Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə peşəkar rəssamların ortaya çıxardığı bu sənət əsərləri sözə, şairə, ədəbiyyata, dahi şəxsiyyətlərə verilən dəyərin bariz nümunəsidir.