REGİONLAR
Şamaxı Rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib
Şamaxı, 22 iyun, AZƏRTAC
Şamaxıda rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, professor Əlikram Abdullayev, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, rayon ağsaqqalları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə gül dəstələri düzüblər. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbiri giriş sözü ilə açan, icra başçısı Tahir Məmmədov ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Sonra Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanovun hesabat məruzəsi dinlənilib. Natiq məruzəsində rayon Ağsaqqallar Şurasının illik fəaliyyətindən və qarşıda duran vəzifələrdən geniş söhbət açıb.
Tədbirdə Milli Məclisin deputatı Eldar İbrahimov və professor Əlikram Abdullayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs edən natiqlər, Zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıblar.
Sonda çıxış edən rayon ağsaqqalı Babacan Zaidov ağsaqqallara göstərilən diqqət və qayğıya görə Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.