Şamaxı rəsədxanasının əməkdaşlarına Çilidəki VLT teleskopunda müşahidə vaxtı ayrılıb
AzerTAg.az

Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) iştirak etdiyi beynəlxalq teleskoplar şəbəkəsi – GRANDMA (Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts) layihəsi çərçivəsində aparılan elmi tədqiqatlar üçün Avropa Cənub Rəsədxanasının (ESO - European Soutern Observatory-ESO) Çilidəki 4 ədəd 8.2 metrlik teleskopdan ibarət VLT (Very Large Telescope) sistemində müşahidə vaxtı ayrılıb.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Əsas məqsəd neytron ulduzların və ya neytron ulduzla qara dəliklərin qovuşması zamanı baş vermiş güclü partlayış nəticəsində qravitasiya dalğalarının (Kilonova hadisəsi) yayıldığı mənbələrin partlayışdan sonra qalıqlarını optik diapazonda müşahidə etməkdir.
GRANDMA layihəsində iştirak edən ölkələrdəki kiçikölçülü yerüstü teleskoplarda aparılan müşahidələrdə, Kilonova partlayışının qalıqlarını optik diapazonda aşkar etmək mümkün olmayıb.
Müşahidələr ESO-VLT teleskopunun Kasseqren fokusunda qurulmuş müxtəlif məqsədlər (Fotometrik, polyarimetrik, spektroskopik müşahidələr) üçün istifadə edilən FORS2 optik cihazında aparılacaq. Bu, LIGO-Virgo-KAGRA qravitasiya rəsədxanalarının aşkar etdiyi qravitasiya mənbələrinin optik analoqlarını müşahidə etməyə imkan verəcək. Belə böyük teleskoplarda bir saat ərzində səmanın 30 mag. parlaqlıqlı şüalanmasını müşahidə etmək mümkündür. Bu hədd adi gözün həssaslığından 4 milyard dəfə çoxdur. Müqayisə üçün bildiririk ki, ŞAR-ın 2-m teleskopunda bir saat ərzində səmanın 22-23 mag. şüalanmasını aşkar etmək olar.
Xəbərin mətnində orfoqrafik səhv var