REGİONLAR


Şamaxı sakinləri Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım aksiyasına qoşulub VİDEO

Şamaxı, 9 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Ötən gündən başlayaraq Şamaxı sakinləri də Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım kampaniyasına qoşulublar. Yardım aksiyasında yerli sakinlər, iş adamları, müəssisələr, idarələr könüllü olaraq iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, böyükdən-kiçiyə hər kəs qardaş Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım etmək üçün səhər saatlarından Şamaxı Olimpiya Mərkəzində təşkil edilən yardım toplanma məntəqəsinə gəlir, türk qardaşlarımıza dəstək olur.

Rayon sakinləri isti geyimləri, əlcəkləri, corabları, yataq dəstlərini, quru ərzaqları, təmizləyici vasitələri təyin olunmuş məntəqədə çeşidləyirlər. Yardımlar toplanıldıqdan sonra yük avtomobillərinə yığılır.

Son iki gündə 4 yük maşını Bakıya göndərilib. Günün sonuna kimi daha 4 yük maşını göndəriləcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14351 nəfərə, yaralananların sayı 63 min 794 nəfərə çatıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Təbii fəlakət bölgəsində üç ay fövqəladə vəziyyət rejimi tətbiq olunub. Axtarış-xilasetmə işləri davam edir.

Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardıma başlanılıb. O cümlədən Fövqəladə Hallar Nazirliyinin 700-dən çox şəxsi heyəti (34 nəfəri həkim) və xilasetmə avadanlıqları, mobil səhra hospitalına aid 7 konteyner, 4 səhra mətbəxi və digər humanitar yardım göndərilib.

Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə humanitar yardım göndərilir. Humanitar yardıma dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxildir.

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər də “Qardaş köməyi” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.