REGİONLAR


Şamaxı üzümçüləri bol məhsul yetişdiriblər- toplanan məhsul yerli və xarici bazarlara çıxarılır REPORTAJ VİDEO

Şamaxı, 12 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Builki hava şəraiti Şamaxıda üzüm istehsalı üçün əlverişli olub, satış qiymətləri sahibkarları qane edir. Hazırda bağlardan toplanan məhsul yerli və xarici bazarlara çıxarılır.

AZƏRTAC xəbər verir ki, rayon sakini Dürdanə Səlimova uşaqlıqdan üzüm bağlarında çalışır. Hər gün səhər saatlarında məhsul toplamaq üçün üzüm bağına gələn Dürdanə nənə deyir ki, üzümçü olmaq elə də asan deyil. Üzümləri dərən zaman yarpaqları, cavan budaqları, həm də meyvələri qorumaq lazımdır ki, bağa zərər dəyməsin. Təcrübəli üzümçülər bu işin öhdəsindən daha yaxşı gəlirlər.

“Bu iş kənardan baxana asan gələ bilər, amma elə deyil. Bu işin dərinliklərini, incəliklərini bilməlisən ki, budaqları zədələməyəsən. Hər adam onu bacarmaz. Səkkizinci sinfi bitirib bağa getmişəm, orada işləmişəm, anamla bacıma kömək etmişəm. İndi də zəhmətimlə halal pul qazanıram”, - deyə o bildirib.

Onun sözlərinə görə, bağlardan hər gün adambaşına 250-300 kiloqram məhsul yığırlar. Üzümçülüyün onlar üçün həm gəlir mənbəyi, həm də dədə-babalarından qalan bir sahə olduğunu deyən Dürdanə nənə, məhsul yığımını yaxın vaxtlarda yekunlaşdıracaqlarını söyləyib.

Son 20 ildə müxtəlif növ üzüm sortları yetişdirən sahibkar Habil Əzimov isə vaxtilə üzümçülük rayonu kimi tanınan bölgədə son illər bu ənənəvi və gəlirli sahənin inkişafının sevindirici hal olduğunu vurğulayıb. Bu işdən həm sahibkarlar, həm də kəndlilər gəlir əldə edirlər.

“Son 20 ilimi bu sahəyə həsr etmişəm. Mən deyərdim üzümçülük sahəsi ağır, eyni zamanda, gəlirli əkin növüdür. Ona görə də üzüm bağlarına aqrotexniki qulluq vacib məsələdir. Əgər bol və keyfiyyətli məhsul götürmək istəyiriksə, ağaclara vaxtlı-vaxtında düzgün qulluq olunmalıdır”, - deyə o bildirib.

Hazırda bağlardan toplanan məhsullar satış üçün yerli və xarici bazarlara çıxarılır. Eyni zamanda, qış aylarında satış həyata keçirmək üçün soyuducu anbarlara yığılır. İlkin mərhələdə daha tez yetişən “Prima” və “Kardinal” süfrə sortlu üzüm yığılıb. Növbəti mərhələdə şirə və şərab üçün nəzərdə tutulan məhsulların tədarükünə başlanılıb.

Üzümçülər rayonun bu sahədəki əvvəlki şöhrətini geri qaytarmaq əzmindədirlər. Bu işdə dövlətin fermerlərə, sahibkarlara dəstəyi böyük rol oynayır.

Şamaxı Dövlət Aqrar inkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Əhmədli Əhmədovun sözlərinə görə, hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Həyata keçirilən Dövlət proqramı üzümçülüyün yenidən dirçəldilməsində mühüm rol oynayır. Sahibkarlara dəstək məqsədi ilə subsidiyalar verilir, yeni üzümçülük təsərrüfatları yaradılır. Nəticədə Şamaxıda son illər təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir.

Əhmədli Əhmədov: “Birdəfəlik subsidiyalar geri qaytarılmamaq şərti ilə fermerlərə 8 min manat həcmində verilir. Bu da fermerlərin üzüm bağı salmasına dəstək olur. Bundan əlavə, hər hektara 650 manat da əlavə olaraq subsidiya ödənilir. Bir sözlə, intensiv üzüm bağlarına 650 manat, ənənəvi bağlara 250 manat ödənilir. Bu, fermerlərimizə böyük dəstəkdir”.

Xatırladaq ki, ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonradan Sovet İttifaqının dağılması, 1990-cı illərin əvvəllərində ölkədə yaşanan anarxiya, özbaşınalıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyə də öz mənfi təsirini göstərdi.

Hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasət, həyata keçirilən dövlət dəstəyi tədbirləri uğurlu nəticələr verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər bunun əyani təsdiqidir. İndi Şamaxıda 1870 hektar üzüm bağı var. Bunun da 1700 hektarı bar verir. Məhsul yığımı bütün ərazilərdə, xüsusilə Meysəri, Məlcək, Mirikənd, Qaravəlli, Həmyəli, Sabir, Adnalı, Çarhan, Mədrəsə, Şəhriyar inzibati ərazi dairələrində daha mütəşəkkil aparılır. Hər gün sahələrə 300-350 nəfərə yaxın işçi qüvvəsi çıxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.