REGİONLAR
Şamaxı üzümçüləri indiyədək 9637 ton məhsul yığıblar
Şamaxı, 3 oktyabr, AZƏRTAC
Şamaxı rayonunda üzüm yığımı sürətlə davam edir və artıq plantasiyalardan 9637 ton məhsul dərilib. Bu göstərici ötən ildəkindən 1237 ton çoxdur.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vaxtilə respublikamızın ən iri üzümçülük bölgələrindən olan Şamaxıda son illər bu sahə sürətlə inkişaf edir. Plantasiyaların sahəsi 1710 hektara çatdırılıb ki, bunun da 1315,2 hektarı məhsuldardır.
Hazırda bütün plantasiyalarda, o cümlədən “Az-Qranata”, “RMZ” və “Şirvan şərabları” MMC-lərə məxsus bağlarda məhsul yığımı davam edir və yığılan üzüm emal müəssisələrinə göndərilir. Göylər, Məlikçöbanlı, Çarhan, habelə Sabir və Şəhriyar qəsəbələrində fermerlərin və fiziki şəxslərin yetişdirdikləri süfrə üzümü isə birbaşa bazarlara çıxarılır.
Mütəxəssislər bu mövsümdə azı 11,5 ton üzüm istehsal ediləcəyini proqnozlaşdırırlar.