REGİONLAR
Şamaxı üzümçüləri indiyədək bağlardan 6000 tona yaxın məhsul yığıblar
Şamaxı, 21 sentyabr, AZƏRTAC
Şamaxı rayonunda üzüm yığımı davam edir və artıq plantasiyalardan 5939 ton məhsul götürülüb.
Rayon Dövlər Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, bir sıra ərazilərdə, xüsusilə Şəhriyar qəsəbə, Mədrəsə, Məlcək, Çarhan, Həmyə kənd icra nümayəndəliklərində yığım daha sürətlə və mütəşəkkil aparılır. Yığılan məhsulun bir qisimi, xüsusilə süfrə üzüm sortları yerli bazarlara çıxarılır. Habelə, “Pirman”, “Kardinal”, “Viktoriya” sortları Rusiyaya ixrac olunur.
Qeyd edək ki, üzümçülük Şamaxı rayonunda aqrar sektorun aparıcı sahələrindəndir. Vaxtilə üzümçülük rayonu kimi tanınan bölgədə son illər bu ənənəvi və gəlirli sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Artıq plantasiyaların sahəsi 1933 hektara çatdırılıb ki, bunun da 1731 hektarı məhsuldardır. Bağların 1564 hektarını texniki, 167 hektarını isə süfrə üzümü təşkil edir.