CƏMİYYƏT


Şamaxı və Göygöldə meteoradarların yerləşdirilməsi real vaxt rejimində hava üzərində fasiləsiz müşahidələrin aparılmasına imkan verəcək

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin modernləşdirilməsi üzrə mühüm proqramın realizə edilməsinə başlayıb. Bununla əlaqədar sualları nazir müavini Rauf Hacıyev cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.

- Milli Hidrometeorologiya Xidmətinin modernləşdirilməsi prosesi necə gedir?

- Dövlət investisiya layihələri çərçivəsində bu proqramın ilkin mərhələsində yaradılmaqda olan inteqrə edilmiş milli erkən xəbərdarlıq sisteminin aparıcı bəndini təşkil edən iki yeni dopler meteoradar alınıb. Belə kompleks yanaşma Azərbaycanın iqtisadiyyatının havadan asılı sektorlarının və əhalisinin tələblərinə daha dəqiq cavab vermək imkanını təmin edəcək.

Hidrometeoroloji müşahidə şəbəkəsində 40 ildən artıq bir dövrdə Şamaxı, Göygöl, Ağstafa və Şəkidə istismar edilən MRL-5 tipli meteorololoji radiolokatorlar mənəvi və fiziki cəhətdən köhnəlib, bugünkü gün üçün onların texniki resursları tam tükənib. Qeyd etmək lazımdır ki, 1980-ci illərdə Qarabağ ərazisində - Füzuli, Zəngilan, Ağdərə və Xankəndində də MRL-5 tipli radiolokatorlar fəaliyyət göstərirdi.

MRL-5-lərin mənəvi cəhətdən köhnəlməsi, onların kütləvi istehsalolunma müddətindən (keçən əsrin 70-ci illərinin sonları) keçən zaman ərzində radiometeoroloji texnologiyaların çox irəli getməsi ilə izah olunur. Qütbləşdirilmiş emal metodlarının tətbiq edilməsi əldə olunan məlumatların siyahısını əhəmiyyətli dərəcədə artırır ki, bu da meteoroloji obyektlərin dinamik xüsusiyyətləri ilə bərabər, həm də mikrofiziki strukturunun xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Müasir dopler meteoradarları təhlükəli hava hadisələri barədə operativ radiometeoroloji məlumatların alınması üçün nəzərdə tutulub.

- Radarların istismara verilməsi üzrə işlər nə vaxt başa çatacaq?

- Şamaxı və Göygöldə radarların, o cümlədən Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin istismara verilməsi ilə bağlı bütün işlər bu ilin mart ayının ortalarına qədər başa çatdırılacaq. Hazırda bütün radarlar quraşdırılmış və indiki dövrdə əsas məsələ Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin işə salınmasıdır.

- Bu meteoradarlardan istifadə Azərbaycana nə verəcək?

- Meteoroloji radarlar vahid milli hidrometeoroloji sistemin qurulmasında əsas mərhələdir. Radarların seçilməsi və onların yerlərinin müəyyənləşdirilməsində Azərbaycanın dağlıq ərazilərə malik olduğu nəzərə alınıb, keyfiyyətli əkslərin alınması üçün daha optimal variantlar tədqiq edilib. Şamaxı və Göygöldə radarların əlverişli yerləşdirilməsi real vaxt rejimində hava üzərində fasiləsiz müşahidələrin aparılmasına imkan verəcək.

- Bu radarlar harada istehsal olunub?

- Keçirilən açıq tender nəticəsində ABŞ-ın meteoroloji radarların istehsalçısı olan dünya şöhrətli “Baron” şirkəti seçilib. “Baron”un istehsal etdiyi Gen3 350C DP radarları Lynx təminat proqramları ilə birgə dünya bazarında qabaqcıl texnologiya hesab edilməklə, ABŞ, Kanada və bir sıra digər ölkədə istismar edilir. Təkcə ABŞ-da “Baron” şirkətinin istehsal etdiyi 171 ədəd radar quraşdırılıb.

- Bu avadanlıqla işləyə bilən mütəxəssislər hazırlanıbmı?

- Milli hidrometeorologiya xidmətinin mütəxəssisləri ABŞ-ın Alabama ştatının Xantsvill şəhərindəki istehsalçıların yanında 2 həftəlik təlim keçiblər. Bundan əlavə, bizim mütəxəssislər radarların quraşdırıldığı yerdə və Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemdə 20 günlük təlim keçəcəklər. Təlimlər ABŞ mütəxəssisləri tərəfindən keçiriləcək.

- Belə radar bizim regionda hansı dövlətdə var?

- Bizim region ölkələrindən heç birində “Baron” şirkətinin istehsal etdiyi radar sistemi yoxdur.

- Gələcək planlarınız barədə məlumat vermənizi xahiş edirik.

- İnteqrasiyalı milli hidrometeoroloji sistemin işlənilməsi üçün növbəti addım kimi radiolakasiya məlumatlarından daha yaxşı istifadə etməklə maksimum faydalanmaq və əhali arasında bu məlumatların yayılmasına nail olmaq üçün texnologiyaların alınması və öyrənilməsi növbəti addım hesab edilir. Bu texnologiyalar məlumatlar və proqnozlar mərkəzinin yaradılmasında istifadə olunacaq (Situasiya mərkəzi). Yeni mərkəz müasir avadanlıqlarla təmin olunacaq, gələcəkdə isə yeni radarlardan alınan məlumatlardan maksimum yaralanmaq üçün təhlil sistemləri və proqnozun modelləşdirilməsi ilə məşğul olacaq. Situasiya mərkəzi Milli Hidrometeorologiya Xidmətindən verilən proqnoz və xəbərdarlıqlar barədə məlumatların keyfiyyətini yaxşılaşdıracaq, texniki və proqnoz üzrə personal isə yeni sistemdən müstəqil istifadə və ona xidmət etməyi öyrənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.