REGİONLAR
Şamaxıda 44 yaşayış məntəqəsində kütləvi pulsuz tibbi müayinə başa çatıb
Şamaxı, 24 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın digər bölgələrində olduğu kimi, Şamaxı rayonunda da əhalinin kütləvi pulsuz tibbi müayinəsi davam edir.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, Şamaxıda 18 yaşdan yuxarı 70 min 414 nəfər pulsuz tibbi müayinədən keçirilməlidir. Artıq 44 yaşayış məntəqəsində, 206 təşkilat və kollektivdə sakinlərin dispanserizasiyası başa çatıb. İndiyədək 60 min 254 nəfər tibbi müayinədən keçib. Müayinə olunanların 5098 nəfəri ambulator, 390 nəfəri stasionar müalicəyə cəlb edilib. 269 nəfərdə cərrahiyyə əməliyyatı aparılıb, 228 nəfər daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib.
Qeyd edək ki, bu humanist aksiya xüsusi komissiyanın nəzarəti altında rayon mərkəzi xəstəxanasında, xəstəxananın poliklinika şöbəsində, Şamaxı Diaqnostika Mərkəzində, Göylər kənd sahə xəstəxanasında, 1 qəsəbə və 7 kənd həkim məntəqəsində aparılır. Əlil və ahıl insanların dispanserizasiyası isə səyyar həkim briqadası tərəfindən evlərdə həyata keçirilir.