REGİONLAR
Şamaxıda Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyevin anadan olmasının 70 illiyi qeyd edilib
Şamaxı, 29 dekabr, AZƏRTAC
Şamaxıda rayon icra hakimiyyətinin, Azərbaycan Rəssamlar İttifaqının və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin anadan olmasının 70 illiyi təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə foyedə “Azərbaycan təsviri sənəti” sərgisi ilə tanış olublar. Salonda sənətşünasın həyatından və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Respublikanın Əməkdar Artisti Əli Nurun aparıcılığı ilə keçən yubiley tədbirində görkəmli fırça ustaları Ziyadxan Əliyevin yaradıcılığından söz açıblar. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov çıxışında bildirib ki, Ziyadxan Əliyev 20-dən çox monoqrafiyanın və yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. Z.Əliyev, həm də Azərbaycan Rəssamlar İttifaqının nəzdindəki “Tənqid və sənətşünaslıq” bölməsinin sədri kimi milli incəsənətimizi fəal şəkildə nəinki respublikamızda, onun sərhədlərindən çox-çox uzaqlarda da təbliğ etməkdədir.
Xalq rəssamları Arif Hüseynov, Ağali İbrahimov və Sirus Mirzəzadə, eləcə də Xalq artisti İlham Namiq Kamal, “Letterpress” nəşriyyat evinin direktoru Cabir Əsədov yubilyarı təbrik edib, onun Azərbaycan sənətşünaslıq elmində xüsusi yeri olduğunu vurğulayıblar.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov 70 illiyi münasibətilə yubilyarı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Tahir Məmmədov yubilyara fəxri fərman və hədiyyə təqdim edib.
Sonda incəsənət xadimlərinin ifasında rəngarəng konsert proqramı olub.