REGİONLAR
Şamaxıda Anım Günü qeyd olunub
Şamaxı, 27 sentyabr, AZƏRTAC
Şamaxı sakinləri 27 Sentyabr - Anım Gününü silsilə tədbirlərlə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, Milli Məclisin deputatı Tamam Cəfərova, idarə, təşkilat və müəssisələrin kollektivləri, qazilər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə tər çiçəklər düzüblər.
Şəhidlər xiyabanının ətrafındakı ərazidə ağacəkmə aksiyası keçirilib.
Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan Ordumuzun döyüş yolundan söz açıb. Natiq şəhidlərimizin hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu deyib.
Deputat Tamam Cəfərova çıxışında şəhid ailələrinin, qazilərin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib, bu istiqamətdə görülən işlərdən söz açıb.
YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu hacı Mərəhməd Mustafayev və şəhid atası Rza Nəbiyev Vətən müharibəsində Azərbaycan Ordusunun şücaət göstərdiyini vurğulayıb, düşmənə sarsıdıcı zərbə vuraraq yaddaşlardan silinməyəcək dərs verdiyini qeyd ediblər.
Məktəblilərin ifasında “Şəhidlər ölməz, Vətən bölünməz” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Anım Günü ilə əlaqədar rayon rəhbərliyi ayrı-ayrı kəndlərdə dəfn olunan şəhidlərin məzarlarını ziyarət edib, habelə Vətən müharibəsinin ilk günü şəhid olan Rza Məmmədov, İsaxan Qanıyev və Nadir Soltanovun ailələrinə baş çəkiblər.
Saat 12:00-da rayonda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.