REGİONLAR
Şamaxıda “Erkən nikah gənclik üçün bəladır” mövzusunda onlayn görüş keçirilib
Şamaxı, 15 aprel, AZƏRTAC
Şamaxıda rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Erkən nikah gənclik üçün bəladır” mövzusunda onlayn görüş keçirilib. Tədbirdə mütəxəssislər, din xadimləri, gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov açaraq, cəmiyyətin diqqətinin ailə məsələlərinə cəlb edilməsinin, ailə dəyərlərinin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsinin, gənclərin ailə həyatına hazırlığının, sağlam həyat tərzinin prioritet məsələ olduğunu söyləyib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fiziologiya kafedrasının müəllimi, həkim-fizioloq Səadət Qəmbərova, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Mərhəmət Mustafayev, rayon icra hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Qızbəs Əmrahova, psixoloq Könül Telmanqızı, Bakı Slavyan Universitetinin ibtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva və başqaları çıxış ediblər. Çıxışlarda erkən nikahın insan hüquqlarının pozulması olduğu diqqətə çatdırılıb, bu cür nikahların əslində böyük məsuliyyətsizlik olduğu vurğulanıb. Erkən nikahın qızların psixologiyasına mənfi təsirindən danışan natiqlər bildiriblər ki, həddi-büluğa çatmayan qızların ağır ailə məsuliyyətini, ağır ailə “yükünü” öz zərif çiyinlərində daşımağa gücləri çatmır. Çıxışlarda ailə dəyərlərinin yad təsirlərdən qorunmasının zəruriliyi də diqqətə çatdırılıb.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Sonda erkən nikahın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.