REGİONLAR
Şamaxıda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videokonfrans keçirilib
Şamaxı, 1 avqust, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və YAP Şamaxı rayon təşkilatı gənclər birliyinin birgə təşkilatçılığı ilə 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videokonfrans keçirilib. Videokonfransda ziyalılar, mütəxəssislər, gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda BDU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru dosent Sevinc Qasımova, APU-nun Şamaxı filialının Azərbaycan dili müəllimi Sevinc Baxşıyeva, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, YAP Şamaxı rayon təşkilatı gənclər birliyinin sədri Nuranə Məmmədova və başqaları çıxış ediblər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşdırılması və dövlət dili səviyyəsinə yüksəldilməsi istiqamətində misilsiz xidmətlərindən danışılıb. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” fikri xatırlanıb.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verirdi. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verilib. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparılıb.