REGİONLAR


Şamaxıda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən ədəbi-bədii tədbir keçirilib

Şamaxı, 27 noyabr, AZƏRTAC

Şamaxıda mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən ədəbi-bədii tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Nəsimi ili” çərçivəsində təşkil olunan tədbirdə nəsimisevərlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə ədəbi-bədii tədbirdə çıxış edərək “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli sərəncamlarının bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisi olduğunu, böyük mütəfəkkirin, onun irsinin təbliğində, bir daha dünyaya tanıdılmasında xüsusi dəyərini vurğulayıblar.

Çıxış edənlər Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalan və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradan dahi mütəfəkkirin həyat və yaradıcılığı barədə ətraflı danışıblar. Söylənilib ki, mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının qayəsini təşkil edir. Despotizmin, nadanlığın və cahilliyin daim təqib etdiyi İmadəddin Nəsimi müxtəlif ölkələrdə sığınacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilməyib. Hələb şəhərində isə şairin həyatında ən böyük faciə baş verib - dərisi soyulmaqla edam edilib. Lakin edama məhkum olunan Nəsimi dünyadan cismən köçdü. Bu böyük insan əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edib, dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub.

Qeyd edilib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub, hürufilik təlimini təbliğ etməkdən dönməyib. Nəsimi poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə edam olunan Nəsiminin sərdabəsi Suriyanın Hələb şəhərindədir.

Çıxışlarda diqqətə çatdırılıb ki, İmadəddin Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüs və səyi ilə hələ SSRİ dövründə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb.

Ədəbi-bədii tədbirdə İmadəddin Nəsimi haqqında çəkilən filmdən fraqmentlər göstərilib. Sonra “Zərrə mənəm, günəş mənəm” adlı bədii hissə nümayiş olunub, şairin qəzəllərindən nümunələr söylənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.