REGİONLAR


Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Şamaxı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Çex Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonu A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi olub.

Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikova, Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimi rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev açaraq, layihə çərçivəsində kənd məktəbinin mövcud üç korpusundan birinin dam örtüyünün tamamilə dəyişdirildiyini, ümumiyyətlə, binanın əsaslı təmir edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 4 sinif və 1 kompüter otağı ən müasir havalandırma sistemi ilə təmin olunub. 11 kompüter istifadəyə verilib ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə imkan yaradacaq.

Sonra təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan danışıb. Nazir müavini “Enerji səmərəliliyinin təmin olunması” layihəsinin reallaşmasına görə Çexiya səfirinə təşəkkürünü bildirib.

Səfir Milan Ekert layihənin ekoloji əhəmiyyətindən söz açıb. İnsanlar və ölkələr arasında körpülərin qurulmasının heç də asan olmadığını vurğulayan səfir Çexiya ilə Azərbaycan arasında yaxşı münasibətlərin, strateji anlaşmanın olduğunu vurğulayıb. Bildirib ki, hələ qarşıda müxtəlif sahələrdə bir çox əməkdaşlıq imkanları mövcuddur.

Çexiyanın təhsil, gənclər və idman nazirinin müavini Dana Prudikova çıxışında iki ölkənin bir-birinə həmişə dəstək olduğunu söyləyib, təhsilin keyfiyyətinin vacibliyini, bunun üçün yaxşı şəraitin yaradılmasının zəruriliyini diqqətə çatdırıb, məktəbin kollektivinə uğurlar arzulayıb.

Sonra qonaqlar kompüter və sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olublar.

Layihə çərçivəsində Qaravəlli kənd məktəbi ilə Çexiyanın “Studnitse u Naxoda” kənd məktəbi qardaşlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.