REGİONLAR
Şamaxıda Qida festivalı keçirilib
Şamaxı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Şamaxıda Qida festivalı keçirilib. Festival Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD), “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində reallaşıb. Qida festivalında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, Dövlət Turizm Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri, fermerlər və sahibkarlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlarda Qida festivalının regionlarda yerli qida məhsullarının potensialının, eləcə də yerli kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılması məqsədi daşıdığı bildirilib. Festivalın keçirilməsində məqsəd, həm də qonaqlar arasında yerli ənənəvi qidaların təşviqi və regionun qida ənənələrinə diqqətin artırılmasıdır.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bölgənin tarixi kimi mətbəxin də qədim və zəngin olduğunu diqqətə çatdırıb. Bu cür festivalların Şamaxıda keçirilməsinin təsadüfi olmadığını vurğulayaraq, gələn il rayonda daha bir neçə möhtəşəm, respublika əhəmiyyətli festivalın keçiriləcəyini deyib.
Çıxışlarda vurğulanıb ki, “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi yerli fermerlərin məsləhət xidmətlərinə çıxışını yaxşılaşdırmaqla, yerli məhsulların satışı və aqroturizimin inkişafı baxımından da əhəmiyyətlidir.
Festivaldakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, aqrar və qida sektorlarında əldə edilən uğurların nümayiş olunduğu Şamaxı Qida festivalı işgüzar əlaqələrin qurulması və inkişafı, KOB-ların yeni satış bazarlarına çıxışı, aqroturizimin inkişafı baxımından diqqətəlayiqdir. Turizm sahəsində sahibkarlığın təşviqinin də KOBİA-nın fəaliyyət gündəliyində hər zaman prioritet təşkil etdiyini bildirən O.Məmmədov diqqətə çatdırıb ki, Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumların iştirakı ilə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi yaradılıb. Bənzər layihələr digər turizm bölgələrində də həyata keçiriləcək.
Qeyd edək ki, festivalda iştirakçılara Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının ənənəvi yeməkləri və yerli kənd təsərrüfatı məhsulları təqdim edilib. Öz məhsullarını nümayiş etdirən Şamaxının Meysəri kəndındən olan arıçı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni alan Brilyant Hümbətova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Qida festivalının təşkilatçılarına buradakı fermerlər adından təşəkkürümü bildirirəm. Məhsullarımıza maraq çoxdur. Mən özüm arıçıyam. Fərdi təsərrüfatımda 150 arı ailəsi var. Hər il orta hesabla 1,5-2 ton bal götürürük. İndi festivala çıxardığım məhsulun dadına baxanlar onun keyfiyyətindən çox razılıq edirlər. Xeyli sifariş də almışam”.