REGİONLAR


Şamaxıda Şəhriyar-Kələxana avtomobil yolu yenidən qurulur

Bakı, 20 oktyabr, AZƏRTAC

Şamaxı rayonunda Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 122-ci kilometrindən ayrılan Şəhriyar–Kələxana avtomobil yolunda yenidənqurma işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda 3 min əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu layihəyə uyğun əsaslı şəkildə yenidən qurularaq 2 hərəkət zolaqlı IV texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Layihə çərçivəsində ilkin mərhələdə marşrutboyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin kənara daşınması və yeni yol yatağının inşası işləri aparılıb. Artıq bu işlərin yekunlaşdığı ərazilərdə 12 santimetr qalınlıqda olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Ümumi uzunluğu 8 kilometr olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edəcək.

Tikinti işlərinin sonuncu mərhələsində avtobus dayanacaqları inşa ediləcək, hərəkətin normal təşkili üçün yolboyu yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

Qədim Şamaxının bu əraziləri tarixi abidələrlə, təbiət gözəllikləri ilə zəngindir və beynəlxalq turizm marşrutuna uyğun meyarları özündə birləşdirir. Bu baxımdan, Şəhriyar–Kələxana avtomobil yolunun yenidən qurulması vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi ilə yanaşı, həm də kənd təsərrüfatının və turizmin inkişafına da şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.