REGİONLAR


Şamaxıda Şirvanşahlar dövrünə aid kəhriz sistemindən sakinlər bu gün də istifadə edirlər REPORTAJ VİDEO

Şamaxı, 18 may, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxıda Şirvanşahlar dövrünə aid bir neçə tarixi abidə olan ovdan mövcuddur. Qeyri-adi tikilişə malik olan bu abidə günümüzə qədər qorunub saxlanılıb. Ən maraqlısı odur ki, əsrlər keçməsinə baxmayaraq, ovdanın içərisində olan su kəhrizindən hələ də istifadə edilir. Xüsusi memarlıq üslubunda tikilən abidə görənlərin marağına səbəb olur.

AZƏRTAC xəbər verir ki, Şamaxının tarixi abidələrindən sayılan ovdan rayonun Azadlıq küçəsində, şəhər sakini Xəlil Əfəndiyevə məxsus evin həyətindədir. XII-XIV əsrlərə aid olan bu tarixi abidə yerin 4-5 metr dərinliyində yerləşir, abidənin içinə enmək üçün 18 pillə mövcuddur. Pillələrin qurtaracağında kəhriz sularının toplandığı daş çarhovuz var. Ev sahibinin sözlərinə görə, 40 ilə yaxındır ki, hovuza yığılan sudan hər gün istifadə edirlər. Hələ bu zamana kimi hovuzun qurumasına rast gəlməyiblər. Mənbəyi bilinməyən, yerin altından axaraq gələn su saxsı borular vasitəsilə hovuzun içinə yığılır.

Ovdan ümumilikdə 3 otaqdan ibarətdir. Birinci otaq dördbucaqlı formada bişmiş kərpiclərlə tağ şəklində inşa edilib. Ovdanın divarları kəc məhlulu ilə hörülüb. Otağın mərkəzində kvadrat formalı daş hovuz, onun ətrafında isə insanların oturub istirahət etməsi üçün səkilər var. Çarhovuzun üstü müxtəlif cür bəzək çatma tağla örtülüb. Otağın tavanında insanların rahat nəfəs alması üçün dördkünc formada nəfəslik də var. İkinci otaq isə daş və kərpicdən inşa edilib. Bu otağın girişində, sağ və sol istiqamətdə 2 metr hündürlükdə dairəvi nəfəsliklər mövcuddur. İkinci otağın girişi ilə üz-üzə tağ formalı, sonradan daşla hörülmüş qapı var. Üçüncü otağın qapısı hörüldüyü üçün indiyədək ora girmək mümkün olmayıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev bildirib ki, bir vaxtlar Şamaxının suya olan ehtiyacını ödəməkdən ötəri bulaqlar və quyularla yanaşı, kəhriz, ovdan sistemi də inşa edilib: “Bizim apardığımız tədqiqatlar zamanı müəyyən olundu ki, Şamaxı divarlarının ətrafı boyunca giriş qapılarının həm sağında, həm də solunda böyük kəhriz sistemi mövcuddur. Bu sistem bərpa olunmalıdır. Araşdırma aparılmalıdır ki, hansı hissədədir və onları təmizləyib şəhərin su sisteminə daxil etmək lazımdır.”

Akif Quliyev qeyd edib ki, ovdan indiyədək salamat qalıb. Amma otaqlarda aşınmalar var. Abidənin divarlarının bəzi hissələrində kərpiclər qoparaq tökülüb. Abidənin restavrasiyasına ehtiyacı var. Tezliklə abidənin qopub tökülən hissələri bərpa edilməzsə, zamanla yox olma təhlükəsi ilə üzləşəcək.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsinin Şamaxı bölgəsi üzrə abidə mühafizəçisi, baş mütəxəssis Yasin Nuriyev isə bildirib ki, Şamaxı şəhərinin müxtəlif ərazilərində bir neçə kəhriz var. Bu kəhrizlər Şirvanşahlar dövründən günümüzə kimi qalıb. Həmin kəhrizlərin bir hissəsi məhv olub, bir hissəsindən isə bu günə qədər istifadə edilir.

“Biz abidə mühafizəçisi olaraq bu kəhrizlərin sahibləri ilə söhbətlər aparırıq və kəhrizləri vaxtlı-vaxtında nəzarətdən keçiririk. Turistlər bu abidələri görmək istəyəndə onlara şərait yaradırıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, belə ovdanlardan biri də Şamaxı şəhəri M.Ə.Sabir küçəsində, Həbibov Əlisoltan Murad oğluna məxsus həyətyanı sahədə müəyyən edilmişdi. Təqribən 4-5 metr dərinlikdə yerləşən ovdanın qalıqları iki tərəfdən hündürlüyü 4 metr olan daş divarla əhatə olunub. Qrunt suları, təbii aşınmalar və müxtəlif dövrlərdə baş vermiş təbii fəlakətlər nəticəsində ovdanın hörgüsü dağılıb və nəticədə abidənin girişini bağlayıb. Bu səbəbdən abidənin strukturunu müəyyən etmək mümkün olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.