REGİONLAR


Şamaxıda Vətən müharibəsi şəhidinin ordeni atasına təqdim olunub

Şamaxı, 14 avqust, AZƏRTAC

Şamaxı Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidi Şirxan Xaməmməd oğlu Xaməmmədovun valideynləri ilə görüş olub.

Görüşdə icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Əlahiddə Ümumqoşun ordunun zabiti, polkovnik-leytenant Bəhruz Xalıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşı, şəhidin valideyni iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə xalqımızın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şirxan Xaməmməd oğlu Xaməmmədova verilən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni şəhidin atasına təqdim olunub.

Təqdimetmə mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Ordumuzun qazandığı tarixi Qələbədən, Şirxan və onun kimi şəhidlərimizin bu Qələbənin qazanılmasında göstərdikləri qəhrəmanlıqlardan danışıb, ölkə başçısının şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərdiyi diqqət və qayğısından bəhs edib.

Görüşdə çıxış edən şəhidin atası Xaməmməd Xaməmmədov oğlunun göstərdiyi şücaətə görə ordenlə təltif olunmasından iftixar hissi keçirdiyini vurğulayıb, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni şəhidin atasına təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.