REGİONLAR
Şamaxıda birinci rübün yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Şamaxı, 15 may, AZƏRTAC
Şamaxıda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məruzə və çıxışlarda 3 ayda rayonda sosial-iqtisadi sahələrdə qazanılan uğurlar geniş şərh edilib, fevralın 5-də baş vermiş zəlzələnin fəsadlarından, zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şamaxıya gəlişi və sakinlərlə görüşündən, zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində verilən tapşırıqlardan və bu tapşırıqların icrası istiqamətində görülən işlərdən ətraflı danışılıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində bu ilin ötən dövrü Şamaxı rayonu üçün də uğurlu olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə rayon ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektləri üzrə pərakəndə əmtəə dövriyəsinin həcmi 2,2 milyon manat artaraq 87,5 milyon manata çatıb. Orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 43 manat artaraq 351,3 manat təşkil edib.
Məruzə və çıxışlarda Şamaxıda tarixi ənənələri olan üzümçülüyün yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilib, bu gün üzüm bağlarının sahəsinin 1730 hektara çatdırıldığı, yeni plantasiyaların salınması istiqamətində işlərin aparıldığı diqqətə çatdırılıb.
Yığıncaqda əldə olunan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələr də geniş təhlil olunub, vətəndaşların müraciətləri ilə bağlı görüləcək işlər müzakirə olunub.
Prezident Administrasiyasının ərazi-təşkilat şöbəsinin məsul əməkdaşı Qalib Əsgərov yığıncaqda ölkə başçısının rəhbərliyi ilə respublikamızda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb, ölkənin inkişafı, əhalinin rifahı naminə aparılan sosial-iqtisadi islahatlar barədə geniş məlumat verib, Prezidentin tapşırıq və tövsiyələrini bir daha diqqətə çatdırıb.