REGİONLAR
Şamaxıda “buster” doza ilə peyvənd olunanların sayı 7 minə çatıb VİDEO
Şamaxı, 22 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Azərbaycanda yeni növ koronavirus infeksiyası əleyhinə “buster” doza ilə peyvəndlənmə davam edir. Ölkədə yarım milyona yaxın vətəndaş qüvvətləndirici doza peyvənd vurdurub.
AZƏRTAC xəbər verir ki, Şamaxı rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Müalicə Diaqnostika Mərkəzinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Vətəndaşların COVID-19 infeksiyasına qarşı peyvənd edilməsi xüsusi nəzarət altında, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin müəyyən etdiyi qaydalara uyğun təşkil olunub. Bu günədək 80 minə yaxın sakin - əhalinin 75 faizdən çoxu peyvənd edilib. İki doza peyvənd vurdurmuş şəxslərin orqanizmində yaranan immunitetin 6 aydan sonra zəiflədiyini nəzərə alsaq, xüsusilə də risk qrupuna daxil olan insanların 3-cü doza ilə peyvəndlənməsi həyati əhəmiyyət daşıyır.
Şamaxı şəhər sakini Rəfael Tağızadə də 3-cü doza peyvənd vurdurmaq üçün Müalicə Diaqnostika Mərkəzinə gələn şəhər ziyalılarından biridir. Bu günə qədər qəbul etdiyi iki doza peyvənd hesabına COVID-19 virusundan qoruna bildiyini deyən şəhər sakini qeyd edir ki, xəstəliyin ondan yan keçməsinin əsas səbəblərindən biri də koronavirus infeksiyası əleyhinə peyvəndlərdən vaxtlı-vaxtında yararlanması olub.
Peyvəndin 3-cü dozasını qəbul etməyə gələnlər arasında müəllimlər də var. Gün ərzində daha çox şagirdlərlə ünsiyyətdə olan Şəfa Hacıyeva deyir ki, vaksin vurduran insanlar COVID-19 virusundan sığortalanmış olur. Onun sözlərinə görə, bu prosesdə müəllimlərlə bərabər, valideynlər də fəal iştirak etməlidirlər.
Şamaxı Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Rəfaət Zairov bildirir ki, son günlər rayonda “buster” doza ilə peyvəndlənmə intensiv hal almağa başlayıb. Bu günə qədər vətəndaşlara 40 min birinci doza, 33 min ikinci doza, 7 min üçüncü doza peyvənd vurulub.
Bu günə qədər Şamaxıda 26 min 764 nəfərdən 5251-nin COVID-19 testi pozitiv çıxıb. Hazırda rayonda aktiv koronavirus xəstələrinin sayı 141 nəfərdir. Həkimlərin səyi nəticəsində yoluxanların əksəriyyəti sağalsa da, təəssüf ki, pandemiya başlayandan bəri 120 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Əhalinin maarifləndirilməsi və peyvəndləmə işlərinin daha çevik təşkili istiqamətində tədbirlər davam etdirilir. Mütəxəssislər xəstəliklə mübarizədə vaksinasiya ilə yanaşı, sağlam həyat tərzinin önəminə də diqqət çəkir. Bunun üçün düzgün qidalanmaq, gigiyena qaydalarına riayət etmək, sosial məsafə saxlamaq və qapalı məkanlarda tibbi maskadan istifadə etmək vacibdir.