İQTİSADİYYAT
Şamaxıda daşınmaz əmlakın avtomatlaşdırılmış idarəetmə sisteminin ehtiyat bazası inşa olunur

Bakı, 28 noyabr, Samirə Quliyeva, AZƏRTAC
Şamaxıda daşınmaz əmlakın avtomatlaşdırmış idarəetmə sisteminin ehtiyat bazası inşa olunur.
AZƏRTAC xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov jurnalistlərə müsahibəsində deyib. Tikinti işləri gələn il başa çatacaq. Yaxın zamanlarda daşınmaz əmlakın avtomatlaşdırılmış sisteminin bütün ölkə üzrə qurulmasına başlanılacaq, - deyə komitə sədri qeyd edib.
Kərəm Həsənov diqqətə çatdırıb ki, elektron hökumətə keçidlə bağlı daşınmaz əmlakın idarəçiliyi və qeydiyyatı sisteminin elektron formata keçirilməsi işləri qısa müddətdə yekunlaşacaq. Belə ki, Azərbaycanda mövcud olan daşınmaz əmlakın qeydiyyatı sistemi tam elektron formatda fəaliyyət göstərəcək. Məqsəd məmurla vətəndaş arasında münasibətlərin minimuma endirilməsi qeydiyyat sistemində şəffaflığın artırılmasından ibarətdir.
Komitə sədri bildirib ki, bu sistemin tətbiqinin asanlaşdırılması məqsədilə tikilən informasiya mərkəzinin inşası gələn il başa çatdırılacaq. Ölkədə daşınmaz əmlakla bağlı bütün məlumatlar elektron bazada toplanacaq.