REGİONLAR
Şamaxıda hesabat yığıncağında sosial-iqtisadi sahələrdə görülən işlər geniş müzakirə olunub
Şamaxı, 9 fevral, AZƏRTAC
Şamaxıda fevralın 9-da keçirilən hesabat yığıncağında 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələr geniş müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin məruzəsi dinlənilib, çıxışlar olub. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyi diqqətə çatdırılaraq reallaşdırılan layihələrin, görülən işlərin Şamaxıda inkişafa, insanların həyat şəraitinin yaxşılaşdırılmasına güclü təsir etdiyi qeyd olunub. Keçən il oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın Şamaxıya tarixi səfəri, insanlarla görüş tövsiyə və tapşırıqlar əhalinin fəallığına, sabaha inamına, yüksək əmək coşğunluğuna səbəb olub və bu gün sosial-iqtisadi sahələrdə işlər uğurla davam etdirilir.
Ölkə başçısının açılışında iştirak etdiyi 53 kilometrlik Şamaxı-Çöl Göylər-Padar avtomobil yolu 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirir. Bu, həm sosial, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyətə malikdir, Aran və Dağlıq Şirvan iqtisadi rayonları arasında əlaqələrin daha da sıx olmasında əhəmiyyətli layihədir.
Rayonun ucqar dağ kəndi olan Dəmirçiyə turist axınını gücləndirmək məqsədilə xeyli işlər görülüb. Belə ki, kənddə 755-ci ildə tikilən məsciddə bərpa işləri aparılıb, dəmirçi emalatxanası və mağazası inşa edilib, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi açılıb, xalça toxumaq üçün sex və satış mağazası və sair tikilib. Dəmirçidən Lahıc kəndinədək 22 kilometr məsafədə yol çəkilir.
Hesabat ilində su təchizatının yaxşılaşdırılması, qazlaşdırma, məktəb tikintisi, kənd yollarının təmiri, abadlıq işləri sahəsində xeyli tədbirlər görülüb.
Taxılçılıqda, heyvandarlıqda mövcud vəziyyət, aqrar sektorun bu mühüm sahələrinin inkişafı istiqamətində tədbirlər geniş müzakirə olunub, həlli vacib məsələlərdən danışılıb. Vaxtilə respublikamızın ən iri üzümçülük rayonlarından olan Şamaxıda bu sahənin yenidən dirçəldilməsinin bu gün xüsusi diqqət mərkəzində olduğu vurğulanıb.
Bildirilib ki, əkin sahələri 1710 hektar çatdırılıb. Meysəri kəndi ərazisində 120 hektarda yeni plantasiyalar salınıb. Habelə, “Mədrəsə Aqro” MMC tərəfindən 74 hektarda üzüm əkilib.
Hesabat yığıncağında ilkin hesablamalara əsasən 181,7 milyon manat dəyərində ümumi məhsul buraxlışının olduğu, əsas kapitala yönəldilən investisiyaların 38,8 milyon manat təşkil etdiyi, il ərzində 2294 daimi iş yerinin açıldığı bildirilib.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov hesabat yığıncağında çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından, qazanılan böyük uğurlardan, habelə qarşıda duran konkret vəzifələrdən danışıb.