CƏMİYYƏT
Şamaxıda hüquq pozuntularının profilaktikasında polisin rolu ilə bağlı maarifləndirici seminar keçirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi yetkinlik yaşına çatmayanların baxımsızlığı, hüquq pozuntularının profilaktikası sahəsində ictimaiyyət arasında, təhsil ocaqlarında maarifləndirmə tədbirlərini davam etdirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mövzuda növbəti tədbir Şamaxı rayonundakı 3 nömrəli orta məktəbdə keçirilib.
“Yetkinlik yaşına çatmayanların radikal dini cərəyanların təsiri altına düşmə hallarının qarşısının alınmasında, eləcə də onların baxımsızlığının və hüquq pozuntularının profilaktikasında polisin rolu” mövzusunda keçirilən seminarda rayon polis şöbəsinin, icra hakimiyyətinin, idarə, müəssisə, təşkilatların, ictimaiyyətin nümayəndələri, şagirdlər və pedaqoji heyət iştirak ediblər.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov tədbirdə çıxış edərək toplantının məqsədi və müzakirə ediləcək mövzular barədə məlumat verib. “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi”, “Təhsildən qərəzli şəkildə yayınmalarının və radikal yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında çıxış edən A.Adıgözəlov törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib, tolerantlığın Azərbaycanın milli mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğunu nəzərə çatdırıb.
“Narkotiklər haqqında nə bilirik?”, “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması”, “Dini radikalizm” mövzularındakı çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib, bu işdə əmək kollektivlərin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyü vurğulanıb.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzuya dair videoçarx nümayiş etdirilib.