CƏMİYYƏT


Şamaxıda operativ müşavirə keçirilib VİDEO

Bakı, 12 aprel, AZƏRTAC 

Fevralın 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar aprelin 12-də Şamaxıda operativ müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev iştirak ediblər.

Müşavirənin keçirilməsində məqsəd zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlərin, o cümlədən ziyan çəkmiş vətəndaşların şikayətlərinə baxılması vəziyyətinin, qəzalı evlərin sökülməsi və onların yerində yeni mənzillərin inşası ilə bağlı görülmüş işlərin, həmçinin qarşıya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirəsi olub.

Müşavirədə FHN-in, habelə aidiyyəti dövlət orqanlarının, o cümlədən “Azərenerji”, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin məsul şəxsləri də iştirak ediblər.

Fövqəladə hallar naziri K.Heydərov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində mühüm tapşırıqlar verib. Görülən işlər bilavasitə dövlətimizin başçısının nəzarətindədir.

Nazir təmir-tikinti işləri həyata keçirilərkən aidiyyəti qurumların üzərinə düşən vəzifələrin vaxtında icrasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, kommunikasiya xətləri tikinti başlamamışdan əvvəl operativ şəkildə ümumi şəbəkədən ayrılmalı, evlərin tikintisi başa çatdırıldıqdan sonra dərhal qoşulmalıdır. K.Heydərov yeni evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin sənədləşdirilməsi işinin sürətləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Müşavirədə çıxış edən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bildirib ki, üç rayon üzrə zəlzələ ilə bağlı ümumilikdə 8891 müraciət daxil olub. Müvafiq komissiyalar tərəfindən indiyədək 8749 müraciətə baxılıb. Onlardan 5435-i Şamaxıda, 2085-i Ağsuda, 1229-u İsmayıllı rayonundadır. Şamaxıda 270, Ağsuda 266, İsmayıllıda 112 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Ümumilikdə 648 qəzalı vəziyyətdə olan ev var. Bu günədək həmin evlərdən 272-si sökülüb. Hazırda digər evlərin podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması üçün hazırlıq işləri görülür. Sürüşmə zonasında yerləşən evlər üçün yeni torpaq sahələri ayrıldıqdan sonra həmin vətəndaşlara da yeni fərdi yaşayış evlərinin tikilməsi nəzərdə tutulur.

Müşavirədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək zəlzələnin fəsadlarının aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, şikayətlərin yerində araşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Tədbirdə podratçı tikinti şirkətinin rəhbəri görülən işlər barədə məlumat verib. Bildirib ki, sökülən evlərin yerində iki gün ərzində yeni evin inşasına başlanılır.

Müşavirəyə yekun vuran nazir K.Heydərov diqqətə çatdırıb ki, AMEA-nın Geologiya İnstitutu və rayon icra hakimiyyətləri evlərin inşası üçün yerlərin seçilməsində diqqətli olmalıdırlar. Tikinti aparılarkən evlərin qeyri-sürüşmə zonalarında tikilməsinə xüsusi diqqət yetirilməlidir. Tikinti işləri sürətlə, eyni zamanda, keyfiyyətli aparılmalıdır.

Nazir, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıq edib. O, xatırladıb ki, Mehriban xanım Əliyeva zəlzələ baş verən ilk gündən könüllüləri zəlzələ bölgəsinə göndərib, köməkçisi Anar Ələkbərov bir neçə dəfə bu bölgədə olub. Eləcə də Ağsu, Şamaxı və İsmayıllıda bir neçə evin inşasını Heydər Əliyev Fondu öz üzərinə götürüb. Nazir əlavə edib ki, görülən işlər Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Ona görə də hər bir qurum məsuliyyətini daha da artırmalıdır. Yeni evlərin inşası və bərpası vaxtında başa çatdırılmalıdır ki, zərərçəkən ailələr rahat, gözəl evlərdə yaşasınlar.

Nazir söküntü və tikinti işlərinin plana uyğun olaraq vaxtında icra edilməsi və sentyabradək yekunlaşdırılması üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.