REGİONLAR
Şamaxıda yarım ildə sosial-iqtisadi sahələrdə görülən işlər və qarşıdakı vəzifələr geniş müzakirə olunub
Şamaxı, 12 iyul, AZƏRTAC
İyulun 12-də Şamaxıda cari ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr edən hesabat yığıncağı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb.
Qeyd olunub ki, yarım ildə ilkin hesablamalara görə rayonda 109,5 milyon manat dəyərində ümumi məhsul buraxılışı olub. Əsas kapitala yönəldilən investisiyaların həcmi 38,2 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 37 milyon manat təşkil edib. 6 ayda 472 daimi iş yeri açılıb.
Məruzə və çıxışlarda kənd təsərrüfatının rayon iqtisadiyyatında aparıcı sahə olduğu vurğulanaraq bildirilib ki, yarım ildə 23,7 milyon manatlıq məhsul istehsal edilib. Hazırda taxıl biçininin qızğın çağı olduğunu qeyd edən natiqlər 40 min 449,4 hektarda məhsul yetişdirildiyini, artıq zəmilərin 18 min 561 hektarının biçildiyini, hər hektardan orta hesabla 19,2 sentner məhsul götürüldüyünü diqqətə çatdırıblar. Bildirilib ki, “Kürdəmir Süd Emalı Zavodu” MMC 1832 hektarda taxıl, 464 hektarda şəkər çuğunduru əkib. “Aqro Dairy” MMC 13 min 800 hektarda buğda yetişdirib. Meysəri kəndi ərazisində fəaliyyət göstərən “Şirvan şərabları” müəssisəsi tərəfindən inzibati binanın, şərab emalı zavodunun, hazır məhsul üçün anbarın tikintisi davam etdirilir.
Müəssisə 120 hektarda yeni üzüm bağı, 40 hektarda meyvə bağı salıb.
Hesabat yığıncağında tikinti-quruculuq və abadlıq işləri sahəsində görülən işlərdən, ümumtəhsil məktəblərinin, səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qazla təminatı, su təchizatı sahələrində reallaşdırılan layihələrdən danışılıb, habelə, qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib.