CƏMİYYƏT
Şamaxıda yaşayış yerini tərk edən dörd nəfər koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Bakı, 26 noyabr, AZƏRTAC
Şamaxı Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Şamaxı rayonunun Sabir qəsəbə sakini K.Mahmudovun, İkinci Çaylı kənd sakini F.Şirinovun, şəhər sakinləri R.Dəmirovun və A.Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin olunub və qaydalara riayət etmələri tapşırılıb. Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.
Keçirilən müvafiq tədbirlər nəticəsində onların rayon ərazisində olduqları yer müəyyənləşdirilib və əraziyə həkim briqadası dəvət edilib. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara geri qaytarılıblar.
Şamaxı Rayon Polis Şöbəsinin istintaq bölməsində həmin dörd şəxs barəsində cinayət işi başlanıb.