REGİONLAR
Şamaxıda yerli və xarici turistlər üçün əyləncəli tədbirlər təşkil olunur
Şamaxı, 13 iyul, AZƏRTAC
Şamaxı qədim tarixə, füsunkar təbiətə, əlverişli iqlim şəraitinə malik olmaqla özünəməxsus adət-ənənələri, milli mətbəxi, tarix və mədəniyyət abidələri ilə bütün fəsillərdə, xüsusilə yay turizm mövsümündə yerli və xarici turistləri özünə cəlb edir. Son illər müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər turistlərin bu diyara olan marağını daha da artırıb. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyinin pilot-layihəsinə uyğun olaraq, hər gün təşkil edilən əyləncəli tədbirlər hər kəsdə böyük maraq doğurur.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Heydər Əliyev parkında rayon sakinləri, yerli və xarici turistlər üçün gündəlik mədəni proqramlar, sərgilər, konsertlər təşkil olunur.
Həmçinin incəsənət ustaları, mədəniyyət müəssisələrinin bədii kollektivləri turist istirahət mərkəzlərində olur, bu yerlərdə də müxtəlif sərgilər təşkil edir, konsertlər verirlər.