REGİONLAR
Şamaxıda zəlzələ zamanı evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün çoxmənzilli bina tikilir VİDEO
Şamaxı, 6 mart, AZƏRTAC
Şamaxı şəhərinin 20 Yanvar küçəsində evləri zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş sakinlər üçün çoxmənzilli binanın inşasına başlanıb. Hazırda burada bünövrə işləri görülür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon fövqəladə hallar komissiyasının sədr müavini Rüstəm Əliyev məlumat verib. O bildirib ki, Prezident İlham Əliyev zəlzələdən dərhal sonra Şamaxıya gələrək vəziyyətlə yerində tanış olub, sakinlərlə görüşüb və qəzalı vəziyyətə düşən evlərin yenidən tikintisi və ya bərpası ilə əlaqədar tapşırıqlar verib. Dövlətimizin başçısının verdiyi tapşırıqların icrası istiqamətində hazırda rayonda ardıcıl, planlı tədbirlər davam edir. Artıq bir neçə evin inşası başa çatdırılır. Daha 7 evdə inşaat işləri aparılır. Bununla yanaşı, 20-yə yaxın evin sökülməsi nəzərdə tutulur.
Rüstəm Əliyev qeyd edib ki, mütəxəssislər şəhərdə qəzalı vəziyyətə düşən bəzi evlərinin yerində təhlükəsizlik baxımından yeni binanın tikintisinin mümkün olmadığı barədə qərar veriblər. Hazırda bünövrə işlərinin başlandığı çoxmənzilli yaşayış binası məhz bu cür vəziyyətdə olan ailələr üçündür.
Rayon fövqəladə hallar komissiyasının sədr müavini zəlzələnin fəsadlarının tamamilə araşdırılması və zərər çəkən ailələrə lazımi kömək göstərilməsi istiqamətində tədbirlərin davam etdirildiyini deyib. Onun sözlərinə görə, indiyədək qəzalı vəziyyətə düşən 251 ev müəyyən olunub.