REGİONLAR
Şamaxıda zəlzələdən sonra qəzalı vəziyyətə düşən məktəb üçün yeni bina tikilir FOTO VİDEO
Şamaxı, 12 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Ötən ilin fevralında Şamaxıda baş verən zəlzələdən sonra rayonda onlarla fərdi yaşayış evi, inzibati binalar, sosial obyektlər qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq tez bir zamanda yeni evlər, yaşayış binaları inşa edilərək vətəndaşların istifadəsinə verildi. Təmir və bərpaya ehtiyacı olan evlər, binalar, sosial obyektlər də diqqətdən kənarda qalmadı.
AZƏRTAC xəbər verir ki, hazırda Şamaxı şəhərində 2 saylı tam orta məktəb üçün 1180 şagird yerlik bina inşa edilir.
Əvvəlki məktəb binası üç mərtəbədən, iki korpusdan və 94 sinif otağından ibarət idi. Məktəbin qəzalı vəziyyətdə olan korpusu 1985-ci ildə, digər hissəsi isə 2005-ci ildə tikilib. Mindən çox şagirdin təhsil aldığı məktəbdə siniflər, o cümlədən tavan, döşəmə və divarlar qəzalı vəziyyətə düşmüşdü.
Tikintisi aparılan məktəbin şagirdləri hazırda təhsillərini tədris ocağının digər binasında davam etdirirlər.
Direktor müavini Bahar Sadıqova ilə söhbət zamanı qeyd edib ki, köhnə məktəb binasının qəzalı olması ilə bağlı qərar verildikdən sonra tədris iki növbəli olmaqla, ibtidai siniflər üçün ayrılmış binada aparılır. O, yeni tədris ilini yeni məktəbdə qarşılacaqlarına əminliyini bildirib.
Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq, hazırda ərazidə müasir standartlara cavab verən 1180 şagird yerlik yeni məktəb binası inşa edilir. Dörd mərtəbədən və dörd korpusdan ibarət olacaq yeni məktəb binasında akt və idman zalları, siniflər, kimya otağı və laboratoriya, hərbi kabinetlər yaradılacaq. Tədris ocağı zəruri avadanlıqlarla təchiz ediləcək.
Baş mühəndis Vüqar Əliyev tikinti barədə məlumat verərək bildirib ki, qazıntı işləri yekunlaşıb və hazırda bünövrə qoyulur. D və C korpusları isə artıq betonlanıb. “Şamaxı seysmik zonada yerləşdiyinə görə tikintidə bu amil də nəzərə alınıb. Ona görə tikinti xüsusi nəzarətlə aparılır. İnşaat işlərini sentyabrın əvvəlinədək yekunlaşdırmağı planlaşdırırıq”, - deyə o qeyd edib.