REGİONLAR
Şamaxıdan olan şəhid əsgərimizin dəfn mərasimi izdihamla keçib ViDEO
Şamaxı, 3 aprel, Adil Ağayev, AZƏRTAC
Torpaqlarımızın 20 faizini işğal edən mənfur erməni silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində 12 nəfər hərbi qulluqçumuz şəhid olub. Onlardan biri Şamaxının Çuxuryurd kəndindən olan əsgər Samir Kaçayevdir. Şəhid əsgər Samir Kaçayev aprelin 3-də Məlhəm qəbiristanlığında torpağa tapşırılıb.
Samir Ziyəddin oğlu Kaçayev 1994-cü ilin mart ayının 3-də dünyaya gəlib. Ailədə bir bacı, bir qardaş olublar. Ötən il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib və heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya qəbul olunan Samir hərbi xidmətə gedib. Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı aprelin 1-dən 2-nə keçən gecə qulluq etdiyi Tərtər rayonundakı hərbi hissədə şəhid olub.
Bakıdan dəfn mərasiminə gələn tələbə yoldaşları Mahirə Qasımova və Nəzrin Xələfova AZƏRTAC-ın müxbiri ilə söhbətlərində Samirin istedadlı heykəltəraş olduğunu, ətrafdakılara qarşı xeyirxahlığını, doğma vətəni Azərbaycanı dünyalar qədər sevdiyini söyləyiblər.
Şəhid əsgərimizin izdihamlı dəfn mərasimi keçirilib. Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları Aqil Abbas, Məlahət İbrahimqızı və Sevinc Hüseynova mərasimdə iştirak ediblər.
Çıxış edənlər 200 ildən bəri erməni daşnaklarının Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq kimi xülyaları barədə danışıblar. Vurğulanıb ki, artıq Azərbaycan Ordusunun mənfur düşmənə tutarlı cavab vermək vaxtı çatıb. Şübhə yoxdur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, ordumuzun qüdrəti düşməni layiq olduğu yerdə oturdacaq, şəhidlərmizin qanı yerdə qalmayacaq.