REGİONLAR
Şamaxılı gənc: Bir gündə 650 min ağac əkək təşəbbüsünə Yer kürəsinin gələcəyi üçün maraqlı olan dünya gəncləri də qoşulmalıdır
Şamaxı, 15 oktyabr, AZƏRTAC
Şamaxı rayon gəncləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkək təşəbbüsünü böyük maraqla və razılıqla qarşılayıblar.
Rayon sakini Ramiz Mirzəyev bununla əlaqədar AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Prezidentimizin böyük mütəfəkkirimiz İmadəddin Nəsiminin 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan etməsini, Birinci vitse-prezidentimizin yubiley münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü dahi şairin həmyerliləri kimi, biz şamaxılı gənclər də minnətdarlıqla qarşılayırıq. İndi ağacəkməyə hazırlıq işləri görülür və bu işlərdə biz gənclər də fəal iştirak edirik. Belə ki, ayrılan sahələri təmizləyir, çalalar qazırıq. Təbiətimizə gözəllik gətirəcək ağacəkmə kampaniyasını səbirsizliklə gözləyirik”.
R.Mirzəyev Mehriban xanım Əliyevanın bu təşəbbüsünün nəinki dahi şair İmadəddin Nəsimi dünyasına diqqətin, həm də ekoloji tarazlığın pozulduğu dünyamızda təbiətə bir qayğının təzahürü olduğunu söyləyərək deyib: “Bir gündə 650 min ağac əkək təşəbbüsünə həm də Yer kürəsinin gələcəyi üçün maraqlı olan dünya gəncləri də qoşulmalıdırlar. Çünki ekoloji problem bütün dünyanı narahat edən məsələdir. Hər bir insanın sağlamlığı məhz bu amildən böyük dərəcədə asılıdır. Ona görə də bu təşəbbüsə hər bir kəs dəstək olmalıdır”.
Qeyd edək ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar.